Bakı Şəhər İcra Hakimiyyətində kommunal xidmət rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə son günlər yağan güclü yağışların fəsadlarının aradan qaldırılması müzakirə olunub.
Eldar Əzizovun sədrliyi ilə keçirilən toplantıda su basmış ərazilərdə görülən işlər və gələcək tədbirlər planı müzakirə edilib, müvafiq tapşırıqlar verilib. Nizami, Xəzər və Sabunçu rayonlarında görülən işlər müsbət qiymətləndirilib. Lakin bəzi rayonlarda işlərin zəif aparıldığı qeyd olunub.
Monitorinqlərin nəticələrinə əsasən, ən çox zərər görən ərazilərdə qanunsuz tikilən evlərin olduğu müəyyən edilib. Bu ərazilərdə fəsadların aradan qaldırılması üçün rayon icra hakimiyyəti başçılarına şəxsi məsuliyyət tapşırılıb.
Martın 30-da Bakıda genişmiqyaslı təmizlik aksiyası keçiriləcək. Müşavirədə kommunal-təsərrüfat qurumları, FHN, DİN və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə fəaliyyəti təqdir edilib və bu əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.