31 Mart Soyqırımı: Deputatdan Azərbaycan Tarixinin ən Faciəli Səhifəsi şərhi

News Image

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Bu barədə deputat Pərvanə Vəliyeva bildirib.

1918-ci ilin martında Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirilib. Minlərlə dinc sakin, qadınlar, uşaqlar və yaşlılar amansızcasına qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb.

Erməni cəlladları on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qətlə yetirmişdilər. Şamaxı qəzasında onlarla kənd yerlə-yeksan edilmiş, minlərlə insan qətlə yetirilmişdir. Tədqiqatlar nəticəsində erməni cinayətkarlarının Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirdiyi müəyyən edilib.

Quba bölgəsində aşkar edilmiş kütləvi məzarlıq bu hadisələrin miqyasını sübut edir. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayı 2900-dək, Quba qəzası üzrə isə 4000 nəfərdən artıq olub. Qərbi Azərbaycanlılara qarşı törədilmiş kütləvi deportasiyalar da həmin dövrdə baş verib.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu qərar faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olub. Azərbaycan Respublikası bu tarixi hadisələrin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması üçün ardıcıl siyasət həyata keçirir.

Prezident İlham Əliyevin sərəncamları ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi qeyd edilib.

Müstəqil Azərbaycanın var olması asanlıqla başa gəlməyib. Xalqımız tarix boyu soyqırımlara məruz qalıb, lakin heç zaman bu haqsızlıqlarla barışmayıb. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü gələcək nəsillər tərəfindən daim xatırlanacaq.

1