Yasamal rayonunda yerləşən “Doktor Davud” klinikasında aparılan yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Məlum olub ki, klinikanın direktoru Davud Qüdrətov ixtisasına uyğun olmayan fəaliyyət göstərib.
Davud Qüdrətovun əslində pediatr olduğu, lakin klinikada qastroenteroloji xidmətlər göstərdiyi müəyyən edilib. O, pediatr kimi sertifikasiyadan keçsə də, xəstələrə qastroenteroloji yardım göstərib.
Yoxlama zamanı həkim dermatoloqun fəaliyyətini qiymətləndirmək mümkün olmayıb. Klinikada terapevt, qastroenteroloq, nevropatoloq və ginekoloq kimi ixtisaslı mütəxəssislərin olmadığı aşkarlanıb. Səhiyyə Nazirliyinin yoxlaması zamanı kliniki-biokimyəvi laboratoriyanın sanitar-epidemioloji normalara cavab vermədiyi də məlum olub.
Nazirlik tərəfindən klinika ilə bağlı protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə klinika 6000 manat məbləğində cərimələnib.