Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində quş qripi xəstəliyinə qarşı aparılan monitorinqin nəticələrini açıqlayıb. Monitorinq zamanı vəhşi və ev quşlarından nümunələr götürülərək laboratoriyada müayinə edilib.
AQTA-nın məlumatına görə, monitorinq zamanı dövlət təbiət yasaqlıqları, ovçuluq təsərrüfatları, milli parklar və digər ərazilər əhatə olunub. Su anbarları və çaysahili ərazilərdə müşahidələr aparılıb, vəhşi quşlara klinik baxış keçirilib və xəstəlik törədicisinin aşkar edilməsi üçün nümunələr götürülüb.
Bundan əlavə, müxtəlif quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından qan və yaxma nümunələri götürülərək laborator müayinələri aparılıb. Monitorinq çərçivəsində təbiət ərazilərinə, quşçuluq müəssisələrinə, ailə təsərrüfatlarına, su hövzələrinə baxış keçirilib və maarifləndirmə tədbirləri görülüb.
Laborator müayinələrin nəticələrinə əsasən, quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal aşkar edilməyib.