Xalq artisti Rasim Balayevin cənazəsi bu gecə İstanbuldan Bakıya gətiriləcək. Aktyorun cənazəsi yerli vaxtla saat 22:25-də AZAL təyyarəsi ilə yola salınacaq. Təyyarənin Heydər Əliyev Beynəlxalq Aeroportuna martın 30-u, saat 02:15-də enməsi gözlənilir.
Vida mərasimi martın 30-da, saat 12:00-da Milli Dram Teatrında keçiriləcək.
Məlumata görə, Rasim Balayev uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi. Səhhəti qəfil pisləşdikdən sonra reanimasiyaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.
Aktyor ötən il Bakıda əməliyyat olunmuş və kimyaterapiya kursu keçmişdi.
Rasim Balayev kimdir?
Rasim Əhməd oğlu Balayev 1948-ci ildə Ağsu rayonunda anadan olub. Bir çox məşhur filmlərdə rol alıb, o cümlədən “Nəsimi”, “Babək” və “Dədə Qorqud”. 1990-cı ildən 2013-cü ilə qədər Kinematoqrafçılar İttifaqının katibi olub. Müxtəlif mükafatlara layiq görülüb.