Stolüstü oyunlar yaddaşı inkişaf etdirir! Nevroloq Marianna Cikiya bildirib ki, stolüstü oyunlar idrak funksiyalarını qorumaq və yaşla bağlı dəyişiklikləri ləngitmək üçün əla vasitədir. Bu oyunlar yaddaşı, diqqəti və düşünmə qabiliyyətini gücləndirir.
Nevroloq qeyd edib ki, stolüstü oyunlar beyni məşq etdirmək üçün effektivdir. Oyun zamanı neyronlar aktivləşir, neyroplastiklik artır və idrak ehtiyatı formalaşır. İdrak ehtiyatı nə qədər yüksək olsa, beyin yaşa bağlı dəyişikliklərə bir o qədər davamlı olur.
Hansı oyunlar faydalıdır? Şahmat və dama kimi klassik oyunlar planlaşdırma, yaddaş və məkan düşüncəsini inkişaf etdirir. Mahjong və Memo kimi oyunlar qısamüddətli yaddaşı gücləndirir, vizual qavrayışı və reaksiya sürətini artırır. Scrabble və Word Maker kimi söz oyunları nitq funksiyalarını və zehni elastikliyi yaxşılaşdırır.
Mütəxəssis müntəzəmliyin vacibliyini vurğulayıb. Oyunların sistemli şəkildə oynanılması daha böyük təsir göstərir. Stolüstü oyunlar beyin sağlamlığını qorumaq üçün əla bir yoldur.