“Sevirəm, amma xoşbəxt deyiləm” düşüncəsi…
Münasibətlərdə çaşqınlıq yaradan və daxildən yoran hisslərdən biri də məhz budur. Bir tərəfdə bağlılıq, xatirələr, emosional yaxınlıq, digər tərəfdə isə narahatlıq, yorğunluq və boşluq hissi hökm sürür.
Bu ziddiyyət bir çox insanın yaşadığı, lakin izah etməkdə çətinlik çəkdiyi psixoloji vəziyyətdir. Bəs bu vəziyyətin səbəbləri nələrdir?
Psixoloq Gülsər Qədirli məsələyə aydınlıq gətirib
Psixoloq Gülsər Qədirli bildirib ki, sevgi və uyğunluq fərqli anlayışlardır. İnsan birini sevə bilər, lakin dəyərlər, həyat tərzi və gözləntilər uyğun olmadıqda, münasibət gərginlik yaradır.
Onun sözlərinə görə, emosional ehtiyacların ödənilməməsi də bu hissi yaradır. Anlayış, diqqət, təhlükəsizlik və dəstək kimi ehtiyaclar ödənmədikdə, insan özünü tənha hiss edir. Bu zaman sevgi yetərsiz qalır.
Psixoloq qeyd edib ki, bu vəziyyət uşaqlıqdan gələn psixoloji modellərlə də əlaqəli ola bilər. İnsan şüuraltı olaraq laqeydlik, qeyri-sabitlik kimi hisslərə çəkilir, bu ona normal gəlir, lakin xoşbəxt etmir.
Gülsər Qədirli əlavə edib ki, bəzən insan sevgini öyrəşməklə və ya bağlılıqla qarışdırır. Uzun müddət birlikdə olmaq, ayrılmaq qorxusu və ya tək qalmaq istəməmək “sevirəm” hissi kimi qəbul edilir, lakin bu, daha çox emosional asılılıqdır.
O, daxili konfliktlərin də vacib məqam olduğunu vurğulayıb. İnsan həm qalmaq, həm də getmək istəyir. Bu daxili mübarizə yorğunluq yaradır və xoşbəxtlik hissini zəiflədir.
Psixoloq yekunlaşdırıb ki, “Sevirəm, amma xoşbəxt deyiləm” hissi münasibətdə emosional balansın pozulduğunu göstərir. Sevgi təkbaşına kifayət etmir, sağlam münasibət üçün qarşılıqlı anlayış, hörmət, uyğunluq və emosional təhlükəsizlik vacibdir. Bu hissi yaşayan insan öz ehtiyaclarını anlamalı və onları görməzlikdən gəlməməlidir.