Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 1-ci sinfə qəbul prosesi ilə bağlı yeniliklər açıqlanıb. Qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı artıq məlumdur.
BŞTİ-dən verilən məlumata görə, məktəblərə şagird qəbulu iki formada – sərbəst və prioritet əsasında aparılacaq.
Sərbəst formada qəbul zamanı valideynlər şəxsi kabinetləri vasitəsilə məktəb və müəllim seçimini birbaşa edə biləcəklər. Prioritet hüququ olan valideynlər (yaşayış yeri, bacı-qardaş faktoru, valideynin həmin məktəbdə işləməsi) isə müəyyən edilmiş tarixlərdə (Azərbaycan bölməsi üzrə 6 may-4 iyun 2026-cı il, digər bölmələr üzrə 17 iyun-16 iyul 2026-cı il) sorğu yerləşdirə bilərlər.
Prioritetlərin tətbiqi nə üçün lazımdır?
Bu, əsasən yaşayış sıxlığı yüksək olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, müvafiq tarixlər başa çatdıqdan sonra prioritet hüququ tətbiq olunan məktəblərdə boş qalan yerlərə sərbəst qəbul davam edəcək (tədrisi digər dillərdə olan və müsabiqə ilə qəbul aparılan liseylər istisna olmaqla).