ABŞ Prezidenti Donald Tramp İranın enerji sisteminə ediləcək zərbələrlə bağlı moratoriumu aprelin 6-dək uzadıb. Bu barədə o, özünün sosial media platformasında məlumat yayıb.
Siyasətçi qeyd edib ki, bu fasilə İran hökumətinin xahişi ilə uzadılıb.
“Mən enerji stansiyalarının məhv edilməsi planını 10 gün müddətinə – 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-dək dayandırıram”, – deyə Tramp bildirib.
Danışıqlar davam edir
O əlavə edib ki, Tehranla danışıqlar çox yaxşı gedir və təmasların dayandırılması barədə yayılan məlumatlar əsassızdır.
Xatırladaq ki, martın 23-də Tramp “uğurlu danışıqlardan” sonra İrana qarşı hava zərbələrinin beş gün müddətinə dayandırılacağını açıqlamışdı. Martın 25-də isə Vaşinqton Tehrana sülh planı təqdim edib.