Azərbaycanda ehtiyatda olan hərbi qulluqçuların toplanışı davam edir. Bəzi şəxslər bu təlimlərin regional gərginliklərlə əlaqəli olduğunu düşünürlər.
Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov bildirib ki, ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsi regional gərginliklərlə əlaqəli deyil. O qeyd edib ki, bu təlimlər illik hazırlıq planına uyğun olaraq təşkil olunur.
Rövşən Məhərrəmovun sözlərinə görə, ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş bir praktikadır. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası, yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Ekspert əlavə edib ki, regionda gərginliyin artması dövlətlərin ümumi hazırlıq səviyyəsini yüksəltməsinə təsir göstərə bilər.
“Bu isə müharibəyə hazırlaşma yox, risklərin idarə olunması kimi qiymətləndirilməlidir” – deyə R.Məhərrəmov vurğulayıb. O, Azərbaycanın yerləşdiyi regiona görə hər zaman potensial riskləri nəzərə almalı olduğunu və ordunun ehtiyat qüvvələrinin daim hazır vəziyyətdə olmasının vacibliyini qeyd edib.