Telegram messencerində süni intellekt (Sİ) əsaslı yeni bir funksiya istifadəyə verilir. Bu yenilik, istifadəçilərə mesajlarını birbaşa çat pəncərəsindəcə redaktə etmək imkanı yaradır.
Yeni alət vasitəsilə mətnlərdəki orfoqrafik səhvləri düzəltmək, üslubu dəyişmək və müxtəlif dillərə tərcümə etmək mümkündür. Funksiyanı aktivləşdirmək üçün ən azı üç sətirlik mətn yazmaq lazımdır. Bundan sonra, yazışma sətrinin kənarında Sİ düyməsi görünəcək.
Yenilənmiş mətn, əvvəlki versiyanın əvəzinə göndərilə bilər. Test mərhələsində olan bu funksiyanın standart istifadəsi üçün müəyyən məhdudiyyətlər var. Lakin Premium abunəçilər bu imkandan daha çox yararlana biləcəklər.
Bu alət, gündəlik yazışmalar və rəsmi sənədlərin hazırlanması zamanı əlavə proqramlara ehtiyac olmadan daxili köməkçi kimi fəaliyyət göstərir. Hal-hazırda, AI Editor yalnız Android üçün olan Beta versiyasında işləyir.