Azərbaycan çayı mədəniyyətində dəmləmə üsulu və dəmliyin materialı böyük əhəmiyyət daşıyır. Tayvanlı alimlərin apardığı araşdırma nəticəsində məlum olub ki, şüşə dəmlikdə dəmlənən qara çay, digər materiallarla müqayisədə daha çox antioksidant ifraz edir. Bu isə sağlamlıq üçün əvəzsizdir.
Araşdırmalar zamanı saxsı, şüşə, paslanmaz polad, silika-gel və farfor dəmliklər müqayisə edilib. 585 fincan çay üzərində aparılan analizlər göstərib ki, şüşə dəmliklərdə dəmlənən qara çay daha faydalıdır. Uzun illər yaşıl çayın daha sağlam olduğu düşünülsə də, qara çayın bəzi hallarda daha çox antioksidant ehtiva etdiyi sübut olunub.
Antioksidantlar bədəni hüceyrə zədələnməsinə qarşı qoruyur, immun sistemini gücləndirir və sərbəst radikalları zərərsizləşdirir. Dəmliklərin ləzzət baxımından qiymətləndirilməsində isə farfor dəmliklər ən aşağı balı alıb, keramika dəmliklər isə ilk pillədə qərarlaşıb. Lakin sağlamlıq üçün ən ideal seçim şüşə dəmliklərdir.