Viski: Tarixi və hazırlanma qaydası
Bu gün dünyada ən bahalı içkilərdən biri hesab olunan viskinin xüsusi günü qeyd olunur. Viski sözü, kelt dilindəki “Uisge beatha” ifadəsindən gəlir, mənası isə “saf su” deməkdir. XV əsrdə Şotlandiya rahibləri arpadan əldə etdikləri distillə edilmiş içkini bu cür adlandırıblar.
Şotlandiyada viski arpadan hazırlanır və torf tüstüsü üzərində hisə verilir, bu da ona özünəməxsus dad qatır. İrlandiyada isə viski üç dəfə distillə edilir və daha yumşaq bir içki əldə olunur. Bu ənənə sonradan Amerika və Yaponiyada da qəbul görərək viski istehsalı məktəbləri yaradılıb.
Beynəlxalq Viski Günü
Beynəlxalq Viski Günündə viski həvəskarları dequstasiyalar təşkil edir, viski barlarına baş çəkir və ustad dərslərində iştirak edirlər. İstehsalçılar isə bu münasibətlə xüsusi tədbirlər keçirirlər.
Viskinin tərkibi və hazırlanması
Viski, əsasən arpa, çovdar, buğda və ya qarğıdalı kimi taxılların qıcqırdılması, distillə edilməsi və palıd çəlləklərdə uzun müddət saxlanması ilə hazırlanan, 40-50% spirtli, aromatik və sərt bir içkidir. Adətən təmiz, buzla və ya bir neçə damcı su ilə içilir, həmçinin kokteyllərdə də istifadə olunur.
Viskinin rəngi açıq sarıdan tünd kəhrəbayı rəngə qədər dəyişə bilər. Qiyməti isə olduqca yüksəkdir. Hətta ən ucuz viski belə digər içkilərdən daha bahalıdır. Londonda keçirilən hərracda dünyanın ən məşhur şotland viskisinin bir şüşəsi 2,7 milyon dollara satılıb.
Viski və sağlamlıq
Qeyd etmək lazımdır ki, bəzi araşdırmalar buğda viskisinin qırmızı şərabdan daha faydalı olduğunu göstərir. Onun xərçəng şişlərinin inkişafını ləngitməkdə təsirli olduğu iddia edilir. Vaxtilə viski ABŞ-da yalnız tibbi məqsədlər üçün istifadə olunurdu.
Viski butulkası, içkinin xüsusiyyətlərini itirmədən 100 il saxlana bilər. Açıldıqdan sonra isə 5 il ərzində keyfiyyətini qoruyur.
Şotlandiyada bu içki “whisky”, digər ölkələrdə isə “whiskey” kimi yazılır. Əgər butulkada “whisky” yazılıbsa, deməli, Şotlandiyada istehsal olunub, “whiskey” yazılıbsa, istənilən ölkənin istehsalı ola bilər.