Honkonq İslah Xidmətləri Departamenti daxili məlumat bazasına kiberhücum olduğunu açıqlayıb. Hücum nəticəsində 7 minə yaxın əməkdaşın şəxsi məlumatları təhlükə altındadır.
Kiber cinayətkarlar daxili informasiya idarəetmə şəbəkəsinə sızaraq əməkdaşların şəxsi məlumatlarının saxlandığı sistemə keçiblər. Sındırılmış bazada 6800-ə yaxın hazırkı və keçmiş əməkdaşın adları, cinsiyyəti, təhsili, doğum tarixləri, iş təcrübəsi, e-poçt ünvanları və yaşayış yerləri yer alır.
Qurum hələlik məlumat sızıntısı və ya fərdi məlumatların yayılması ilə bağlı sübut aşkarlamayıb. Rəsmi dairələr məlumatların məxfiliyi səbəbindən narahatdırlar. Kiberhücuma məruz qalmış şəxslər məlumatlandırılıb, diqqətli olmaq və şübhəli hallarda hüquq-mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.