Bakının Sabunçu, Yasamal və Xətai rayonlarında, həmçinin Abşeronda silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Sabunçu rayonunda avtomobildən qızıl qolbaq və qulaqlıq oğurlayan E. Xəlilov saxlanılıb. Yasamal rayonunda isə avtomobildən qulaqlıq və digər əşyalar oğurlayan Q. Sultanov tutulub.
Xətai rayonunda azyaşlı qızın qızıl sırğasını qaçıran K. Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Abşeronda isə marketlərdən, avtomobillərdən və evdən oğurluqlar edən R. Zeynalov müəyyən edilərək saxlanılıb.
Hazırda bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.