ABŞ-də polis səhvi ucbatından psixiatriya xəstəxanasında yatan şəxsə böyük təzminat ödəniləcək.
Havay ştatının Honolulu şəhərində baş verən hadisədə evsiz şəxs, polisin səhvi nəticəsində iki ildən artıq həbsdə və psixiatriya klinikasında qalıb. Bu səhvə görə ona 975 min dollar təzminat ödəniləcək.
Hadisə 2017-ci ildə 54 yaşlı Coşua Spristersbaxın saxlanılması ilə başlayıb. O, küçədə gecələdiyi zaman saxlanılıb. Spristersbaxın səhv adam olduğunu bildirməsinə baxmayaraq, dörd ay həbsdə qalıb. Daha sonra şizofreniyadan əziyyət çəkən başqa bir şəxslə səhv salındığı üçün iki ildən artıq ruhi sağlamlıq mərkəzinə yerləşdirilib.
Tibb işçiləri onun günahsız olduğu barədə dediklərini qulaqardına vurub və ona məcburi sakitləşdirici preparatlar veriblər. Məcburi tibbi müdaxilədən sonra Spristersbax dövlət qurumlarına qarşı məhkəməyə müraciət edib.
Uzun sürən tədqiqatlardan sonra Honolulu rəhbərliyi zərərçəkənə 975 min dollar təzminat ödəməyə məcbur olub. Havay ştatı tərəfindən də əlavə 200 min dollar ödənilməsi gözlənilir.