Tromboz zamanı yaranan simptomlar qəfil başlaya və ya zəif şəkildə hiss edilə bilər. Tromboz – qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. Tromb sıx bir laxtadır və qan damarını qismən və ya tamamilə tıxayaraq qanın normal axınını pozur. Tromblar eritrositlər, leykositlər, trombositlər, fibrin və plazmadan ibarət ola bilər. Qan damarlarda, xüsusilə venalarda daha yavaş axdığı üçün tromblar əsasən orada yaranır.
Dünyada hər 4 nəfərdən biri trombozla əlaqəli səbəblərdən həyatını itirir. Dərin vena trombozu və ağciyər arteriyasının tromboemboliyası təhlükəli və potensial ölümcül tibbi durumlardır.
Narahatedici simptomlar:
Əl və ya ayaqlarda şişkinlik:
Dərin vena trombozu zamanı qol və ya ayaq şişə, rəngi dəyişə və toxunduqda isti hiss oluna bilər. Qanın durğunluğu səbəbindən dəridə bənövşəyi çalar yarana bilər.
Diqqət edilməli xüsusiyyətlər:
- Şişkinlik qəfil yaranır və ya əvvəlkindən daha güclü olur
- Gün ərzində davam edir
- Ətrafı qaldırdıqda azalmaz
Ağrı:
Səbəbi bilinməyən qəfil ağrı (məsələn, ayaqda sancı və ya qıc olmasına bənzər hiss) tromboz əlaməti ola bilər. Amma ağrı yalnız bir neçə saniyə davam edirsə və təkrarlanmırsa, bu, çox güman ki, tromb deyil.
Varikoz damarlarda dəyişikliklər:
Əgər sizdə varikoz varsa, dərin vena trombozunun əlamətləri aşağıdakılar ola bilər:
- Uzandıqda və ya ayağı qaldırdıqda çəkilməyən, qabarmış damar
- Birdən-birə sərtləşmiş damar
- Damar ətrafında dərinin qızarması və ağrılı olması
Nəfəs darlığı:
Tromb zamanı nəfəs darlığı saatlarla və ya günlərlə davam edə bilər. Əgər nəfəs almaqda çətinlik yalnız bir neçə saniyə çəkib tez keçirsə, bu, böyük ehtimalla tromb deyil.
Sinə ağrısı:
Sinə ağrısı təkcə ürək problemlərini deyil, həm də ağciyər arteriyasının tromboemboliyasını göstərə bilər. Bu ağrı davamlı ola bilər və ya dərin nəfəs alarkən yarana bilər.
Qanlı öskürək:
Ağciyər tromboemboliyasının digər əlaməti qanlı öskürəkdir. Bu zaman bəlğəmdə nəzərə çarpacaq dərəcədə qan olur.
Ürək döyüntüsünün sürətlənməsi:
Ağciyər tromboemboliyası zamanı ürək vəziyyəti kompensasiya etmək üçün daha sürətli və güclü işləməyə başlayır. Ürək döyüntüsü, titrəmə və ya ritm pozuntusu hissi ürəyin qanı ağciyərlərdən keçirmək üçün daha çox işlədiyini göstərə bilər.
Aşağı qan təzyiqi:
Əgər ürək uzun müddət sürətli döyünərsə, arterial təzyiq düşə bilər və orqanizmin oksigenlə təmin olunması pisləşə bilər.