Abşeronun Masazır qəsəbəsində su problemi yaşanır. Sakinlər günlərlə davam edən su qıtlığından şikayət edirlər. Qəsəbənin bəzi hissələrinə suyun qrafiklə verildiyi, bəzi ərazilərdə isə 4 gündür suyun tamamilə kəsildiyi bildirilir.
Sakinlər, “Sonuncu dəfə yağışlardan əvvəl su verilib. İçməli suyu mağazalardan alırıq. Uşaqlar üçün vəziyyət daha ağırdır” deyə bildiriblər. İstilik sistemləri də susuz işləmir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, qəsəbəni su ilə təmin edən nasos stansiyasında problem yaranıb. Qurumun sözlərinə görə, problemin aradan qaldırılması üçün işlər aparılır və gün ərzində bir neçə saatlıq suyun verilməsinə çalışılır. Əraziyə su maşınları göndərilib. Yağışlar səbəbindən yaranmış qəzanın tam aradan qaldırılması üçün digər qurumlarla birlikdə işlər davam edir.