1918: Azərbaycanlıların Yaddaşlardan Silinməyən Soyqırımı

News Image

Tarixin səhifələrində qanla yazılan soyqırım: 1918-ci il faciəsi

Azərbaycan xalqı tarix boyu dəfələrlə xarici təcavüzlərə və işğallara məruz qalıb. Bu işğalların əsas məqsədi türk varlığına son qoymaq, dövlətimizi parçalamaq və torpaqlarımızı ələ keçirmək olub. İşğallar zamanı xalqımız amansız işgəncələrə məruz qalmış, tarixi abidələrimiz və milli mədəniyyətimiz dağıdılıb.

1918-ci ilin mart-aprel aylarında baş verən soyqırım Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli qırğınlardan biridir. Bu qırğın təkcə Bakıda deyil, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələri tərəfindən həyata keçirilib. Rəsmi

Həmin dövrdə ermənilər Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırılmışdı. Azlıq təşkil etmələrinə baxmayaraq, onların məqsədi azərbaycanlıları tamamilə məhv edərək ölkəmizi işğal etmək və “Böyük Ermənistan” yaratmaq idi. Bakı Sovetinin rəhbərliyini ələ keçirən erməni əsilli Stepan Şaumyan erməni qəsbkarlarının xalqımıza qarşı təcavüzlərində mühüm rol oynayıb. O, Bakıda azərbaycanlılara qarşı bolşevik və erməni birliyini təmin edib.

1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanılıb. Ermənilərin törətdiyi cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilib. Ermənilər evlərə od vurub insanları diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscidləri və digər abidələri dağıdıblar. Azərbaycanın digər bölgələrində də bu qırğın xüsusi qəddarlıqla həyata keçirilib.

Bakı şəhərində ermənilərin törətdiyi qanlı cinayətləri əks etdirən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış erməni əsgərləri pulemyotların mühafizəsi ilə hücum edirdilər. 1918-ci ilin martında təkcə Bakıda daşnaklar bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanı qətlə yetiriblər. Quba və Şamaxıda dinc əhaliyə qarşı törədilən vəhşiliklər erməni xislətinin əsl göstəricisidir.

Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra xalqımıza qarşı törədilmiş cinayətlərə hüquqi qiymət verilməyə başlanılıb. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı bu sahədə aparılan tədqiqatlara və həqiqətin üzə çıxarılmasına təkan verib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

2007-ci ildə Qubada tikinti işləri zamanı aşkar edilən kütləvi qəbiristanlıq bu soyqırımın daha bir sübutudur. Mütəxəssislərin rəyinə əsasən, Qubadakı məzarlıqda tapılan sümüklər ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aiddir. Məzarlıqda aparılan araşdırmalar zamanı insanların xüsusi qəddarlıqla və işgəncə ilə qətlə yetirildiyi məlum olub.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleks 2013-cü il sentyabrın 18-də açılıb və 3,5 hektar ərazini əhatə edir. Bu gün də erməni vandalizminin sübutu olaraq həmin kompleks ziyarət edilir.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Bütün bu faciələrə baxmayaraq, erməni vandalları öz istəklərinə çata bilmədilər. Onların bu xəyallarına 2020-ci il İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatları zamanı son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu erməni millətinə tarixin ən böyük həyat dərsini verdi. İndi Azərbaycan bütöv və suveren ölkə olaraq inkişaf edir.

1