İspaniyanın Baş naziri Pedro Sançes Yaxın Şərqdəki gərginliyin qlobal ərzaq böhranına səbəb ola biləcəyini bildirib. Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı əməliyyatları yanacaq qiymətlərini artırıb və ərzaq təhlükəsizliyini sual altına salıb.
Sançes partiya tərəfdarlarına yazdığı məktubda regionda baş verən son hadisələrin dünyada qeyri-sabitliyə yol açdığını vurğulayıb. O, Yaxın Şərqdəki müharibənin fəsadlarını – minlərlə insanın həyatını itirməsi, milyonlarla insanın evini tərk etməsi, tədarük zəncirlərinin pozulması və enerji qiymətlərinin yüksəlməsi kimi amilləri xüsusi qeyd edib.
Baş nazir, mövcud vəziyyətin davam edəcəyi təqdirdə, ərzaq böhranının qaçılmaz olacağını proqnozlaşdırır. Xatırladaq ki, fevral ayının sonunda ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatlara başladığı, İranın isə buna cavab olaraq İsrailə raket zərbələri endirdiyi bildirilirdi. Həmçinin, İran qüvvələri ABŞ-ın Fars körfəzindəki hərbi bazalarına hücum etmişdi.