Bakı-Şamaxı yolunda sərnişin avtobusu və "KamAZ" markalı yük maşınının iştirakı ilə baş verən yol qəzası anbaan kameralara düşüb.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son zamanlar eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin toqquşması hallarının artdığını bildirir. Bu cür qəzaların əsas səbəbləri sürücülərin diqqətsizliyi, yorğun və ya yuxusuz vəziyyətdə sükan arxasında olmaları, həmçinin düzgün ara məsafəsinin saxlanılmamasıdır.
BDYPİ sürücülərə müraciət edərək, avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi, yol hərəkəti qaydalarına ciddi əməl etməyi tövsiyə edir.
Məlumata görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulaması olub. Sürücü B.Yusibovun idarə etdiyi "Daewoo" markalı avtobus dayanacaqda olarkən "KamAZ" markalı yük maşını idarəetmədən çıxaraq avtobusa çırpılıb. Nəticədə avtobusa ciddi ziyan dəyib və bir neçə sərnişin xəsarət alıb. Hadisə ilə bağlı müvafiq araşdırmalar aparılır.