Hüquq Tələbəsi Qadın, 5 Ayda 4 Nəfəri Zəhərləyərək öldürdü

Braziliyada 36 yaşlı hüquq fakültəsi tələbəsi Ana Paula Veloso Fernandes ölkəni sarsıdan dəhşətli qətllərlə gündəmə gəlib. Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qadın cəmi 5 ay ərzində 4 nəfəri zəhərləyərək öldürdüyünü etiraf edib. Fernandes həmçinin cinayətlərdən əvvəl zəhərin təsirini yoxlamaq üçün 10 iti öldürdüyünü də boynuna alıb. İstintaq materiallarına görə, Fernandes özünü kirayəçi kimi təqdim edərək qurbanlarını aldadıb. Yanvar ayında Guarulhos şəhərində Marcelo Fonseco adlı şəxsi zəhərləyərək öldürüb və meyiti çürüməyə tərk edib. Aprel ayında isə Maria Aparecida Rodrigues adlı qadını evində hazırladığı zəhərli qəhvə ilə qətlə yetirib. Prokurorluq məlumatına əsasən, Fernandesin əkizi Roberta Cristina Veloso Fernandes və dostu Michelle Paiva da Silva cinayətlərdə ona yardım etməkdə şübhəli bilinir. Araşdırmalar zamanı məlum olub ki, Fernandesin üçüncü qurbanı — dostu Michelle-in atası Neil Correia da Silva olub və qadın onu pul qarşılığında öldürüb. Son qurban isə may ayında romantik münasibət yaşadığı 21 yaşlı tunisli Hayder Mhazres olub. Polis Fernandesin evində axtarış apararkən, cinayətlərdə istifadə olunduğu güman edilən qadağan olunmuş insektisid (böcək dərmanı) aşkarlayıb. Sao Paulo polis idarəsinin rəhbəri Halisson Ideiao bildirib: "Ana Paula-nın etdiyi qətllərin arxasında məntiqi səbəb yoxdur. O, sadəcə öldürmək istəyirdi. Bu davranış, klassik bir psixopat profilinə tam uyğun gəlir"