Dünyanın Sonunu Gətirəcək Böcək İstanbulda Görüldü

Türkiyənin Şərqi Qaradəniz bölgəsini istila edən qəhvəyi böcək indi də İstanbulda görünməyə başlayıb. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Üsküdarda çəkilən görüntülərdə böcəyin bir evin pəncərəsinə dırmaşaraq içəri girməyə çalışdığı əks olunub. Uzun müddətdir Türkiyədə qəhvəyi böcək qorxusu yaşanır. Xüsusilə Qaradəniz bölgəsində evlərə dolan bu böcək həm vətəndaşlara narahatlıq yaradır, həm də kənd təsərrüfatına ciddi zərər vurur. "Dünyanın sonunu gətirəcək böcək" kimi tanınan bu növ, son aylarda Sakarya, Samsun, Trabzon, Giresun və ətraf bölgələrdə evləri və təsərrüfat sahələrini istila edib. Qəhvəyi böcək artıq Qaradənizdən Marmara bölgəsinə qədər yayılaraq fındıq, qarğıdalı və meyvə bağlarında böyük zərər törədir. Asiya mənşəli bu böcək ilk dəfə Qaradənizdə kənd təsərrüfatına ziyan vurduqdan sonra İstanbulda da müşahidə olunub. Mütəxəssislər bildirir ki, zərərvericinin yayılmasının qarşısı alınmasa, ölkənin kənd təsərrüfatı məhsullarına ciddi təhlükə yarana bilər.