Ankarada dəhşətli qətl hadisəsi baş verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, boşanma ərəfəsində olan qadın, qayınatası tərəfindən 5 yaşlı qızının gözü önündə dəfələrlə bıçaqlanaraq qətlə yetirilib.
Hadisə Yenimahalle rayonunun Kardelen məhəlləsində yerləşən fərdi evdə baş verib. Milli Müdafiə Nazirliyinin (MSB) Hərbi Zavodlar Baş İdarəsinə tabe olan 5-ci Əsas Təmir Zavodunda mülki mühəndis olaraq çalışan 46 yaşlı Başak Gürkan Arslan evində həyat yoldaşı və qayınatası ilə görüşüb.
Məlumata görə, mübahisə zamanı qayınata Kudrət Arslan gəlini Başakı oğlu və 5 yaşlı nəvəsinin gözü önündə dəfələrlə bıçaqlayıb. Yaralı halda qapını açaraq kömək istəyən qadın, arxasınca gələn qayınatası tərəfindən boğazından da bıçaqlanıb.
Hadisə yerinə polis və təcili yardım əməkdaşları çağırılıb. Tibbi müayinədən sonra Başak Gürkan Arslanın həyatını itirdiyi müəyyənləşdirilib. Qayınata Kudrət Arslan və oğlu polis tərəfindən saxlanılıb. Cütlüyün azyaşlı qızı isə dövlət himayəsinə götürülüb.
Qadının ölüm xəbərini alan yaxınları hadisə yerində göz yaşına boğulub. Kudrət Arslan ilkin ifadəsində gəlini ilə oğlunun xəyanət səbəbilə mübahisə etdiklərini, əsəblərinə hakim ola bilməyərək cinayəti törətdiyini etiraf edib.
Mənbə: https://sonxeber.az