"Levon Ter-Petrosyanın 1993-cü Ildəki çıxışları Ermənistanın Işğalçı Siyasətinin Açıq Etirafı Kimi Qiymətləndirilməlidir"- AÇIQLAMA

Dünən Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın birinci prezidenti Levon Ter-Petrsoyanın 1993-cü ildə keçmiş qondarma qurumun nümayəndələri ilə keçirdiyi görüşə dair videomaterial nümayiş olunub. Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, videomaterialda çıxış edən Levon Ter-Petrosyan Azərbaycan ərazilərində qanunsuz olaraq yaradılan qondarma quruma Ermənistan adından ən yüksək təhlükəsizlik zəmanətləri verdiyini xatırladıb. O, qondarma qurum və Ermənistan arasında imzalanacaq təhlükəsizlik zəmanətləri barədə müqaviləni məxfi sənəd adlandırıb. Kadrlarda Ermənistanın keçmiş prezidenti müqavilənin iki nüsxədən ibarət olacağını deyərək əlavə edib: "Dağlıq Qarabağ Respublikası beynəlxalq ictimaiyyətin, Rusiya Federasiyasının, ABŞ-ın və xüsusilə Ermənistan Respublikasının Prezidenti Levon Ter-Petrosyanın zəmanətlərinə güvənir". L.T.Petrosyan bildirir ki, Ermənistan özünün bütün imkanlarından, o cümlədən birbaşa hərbi müdaxilədən istifadə edəcəyini öhdəsinə götürür və gələcək danışıqlarda Laçının Azərbaycana verilməsi ehtimalını istisna edir. Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran təqsirləndirilən şəxs Arkadi Qukasyan L.T.Petrosyanla keçirilən həmin görüşdə iştirak etdiyini bildirib. Həmin görüşü taleyüklü məsələ adlandıran təqsirləndirilən şəxs videomaterialın Kəlbəcər rayonu işğal olunduqdan sonra çəkildiyini xatırladıb və deyib ki, həmin görüş zamanı keçmiş qondarma qurumun Azərbaycanla danışıqlar aparan qrupunun rəhbəri və qurumun deputatı idi. A.Qukasyan əlavə edib ki, bu görüşdən sonra Georgi Petrosyan istefa verib: "Parlamentin sədri vəzifəsini Karen Baburyan icra etməyə başladı. O isə Robert Koçaryanla birlikdə Levon Ter-Petrosyanın təqdim etdiyi sənədi imzaladı. Həmin sənədə əsasən, Ermənistan Respublikası münaqişə tam başa çatana qədər Qarabağın təhlükəsizliyinin təminatını öz üzərinə götürürdü "Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışları və görüşləri Ermənistanın işğalçı və etnik təmizləmə siyasətinin açıq etirafı kimi qiymətləndirilməlidir"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib: "Ter-Petrosyanın öz sözləri ilə bir daha görünür ki, azərbaycanlıların Ermənistandan zorla qovulması Ermənistanın monoetnik dövlət qurmaq məqsədinin tərkib hissəsi olub və bu, regionda uzunmüddətli sülhün qarşısında əsas maneədir. Onun təhlükəsizlik zəmanətləri verməsi və hərbi müdaxilə öhdəliyini üzərinə götürməsi Ermənistanın işğal siyasətinin sistemli və planlı xarakter daşıdığını göstərir. Siyasi baxımdan Ter-Petrosyan həm Ermənistanın daxili siyasi mübarizəsində, həm də Qarabağ münaqişəsinin gedişində müstəsna rol oynayıb. O, 1990-cı illərin əvvəllərində işğal və etnik təmizləmələrdə əsas fiqur kimi çıxış edib. Bu da göstərir ki, Ermənistanın işğal siyasətində həm daxili siyasi ziddiyyətlər, həm də radikal qüvvələrin təsiri mühüm rol oynayıb. Ter-Petrosyanın etirafları Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquq baxımından ciddi məsuliyyət daşıdığını bir daha nümayiş etdirir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə haqlı mövqeyinin güclənməsinə xidmət edir. Eyni zamanda, Ter-Petrosyanın çıxışları Ermənistanın siyasi elitasında dərin irqçilik və işğalçılıq ideologiyasının kök saldığını göstərir. Nəticə etibarilə, Ter-Petrosyanın 1993-cü il çıxışları və onun rəhbərliyi dövründə baş verən hadisələr Ermənistanın işğalçı siyasətinin tarixi köklərini açır və bu siyasətin davamlılığını izah edir. Bu etiraflar həm də gələcək sülh danışıqları üçün ciddi hüquqi və siyasi baza yaradır və Ermənistanın məsuliyyətinin beynəlxalq səviyyədə tələbinə zəmin yaradır bir daha. Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından da bu məhkəmə prosesi strateji əhəmiyyət kəsb edir". Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir. Çiçək Sadatova

Mənbə: https://sonxeber.az