"Azərbaycançılıq ideyası – xalqımızın milli kimliyini, mədəni dəyərlərini, tarixi yaddaşını və dövlətçilik prinsiplərini birləşdirən ideoloji əsasdır. Bu fikir yalnız bir etnik kimliyə bağlılıq deyil, eyni zamanda Azərbaycanın çoxmillətli və tolerant cəmiyyətini əhatə edən bir milli birlik çağırışıdır. Qlobal inteqrasiya və informasiya müharibələrinin sürətləndiyi dövrdə azərbaycançılıq ideyasının təbliği dövlətin və vətəndaş cəmiyyətinin üzərinə mühüm vəzifələr qoyur. Bu ideyanın düzgün və davamlı şəkildə cəmiyyətə aşılanması milli həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və dövlətçilik şüurunun formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır."
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Sonxeber.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasını dövlətçiliyimizin siyasi və mənəvi sütunu kimi xarakterizə etmişdir və bu ideologiya, milli-mənəvi dəyərlərin qorunması, inkişafı istiqamətində həyata keçirilən siyasətin əsasını təşkil edir:
"Azərbaycançılıq ideyasının təbliği istiqamətində dövlət səviyyəsində təşkil edilən mühüm tədbirlərdən bir neçəsini sadalamaq olar ki, məhz 2001-ci ildən etibarən keçirilən Dünya Azərbaycanlılarının qurultayları, xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsini və milli birliyin gücləndirilməsini təmin etmişdir. Hər il təntənə ilə qeyd olunan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü, dünya azərbaycanlılarının birliyini və həmrəyliyini simvollaşdırır.
Azərbaycançılıq ideologiyasının formalaşdırılması və inkişaf etdirilməsi, təhsil sistemində həyata keçirilən islahatlarla əlaqəlidir. Bu ideologiyanın tədrisi, məktəblərdə və ali təhsil müəssisələrində milli vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir. Həmçinin Ali məktəblərdə azərbaycançılıq ideologiyasının tədrisi və seminarların keçirilməsi, gənclərin milli şüurun inkişafına töhfə verir. Gənclər arasında Azərbaycançılıq düşüncəsinin gücləndirilməsi, milli kimliyin, vətənpərvərliyin və mədəni dəyərlərin qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan müxtəlif xalqların və dinlərin nümayəndələrinin bir arada yaşadığı tolerant bir ölkə olaraq, multikulturalizmi dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul etmişdir. Bu siyasət, azərbaycançılıq ideologiyasının inkişafı ilə paralel olaraq həyata keçirilir. Ümumiyyətlə, Azərbaycançılıq ideyasının təbliği istiqamətində həyata keçirilən bu tədbirlər, ölkəmizin milli birliyinin gücləndirilməsi və gələcək nəsillərə bu ideologiyanın çatdırılması məqsədini daşıyır.
Deputat onu da vurğuladı ki, Azərbaycan Respublikasının Milli Məclisinin də Azərbaycançılıq ideyasının təbliği istiqamətində fəaliyyəti və təşəbbüsləri bir neçə əsas istiqamətdə həyata keçirilir:
"Bu fəaliyyətlər Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, vətəndaş həmrəyliyinin gücləndirilməsi və milli kimliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Milli Məclis Azərbaycançılıq ideyasının hüquqi bazasını gücləndirmək məqsədilə müxtəlif qanunlar qəbul edir və ya dəyişikliklər edir. Bu sahədə əsas diqqət milli dəyərlərin qorunmasına, dövlət dilinin inkişafına və milli-mədəni irsin təbliğinə yönəlib. Milli Məclis müvafiq komitələr və deputatlar vasitəsilə milli-mənəvi dəyərlərin qorunmasına dair tədbirləri dəstəkləyir. Həmçinin Milli Məclisin deputatları Azərbaycançılıq ideyasının müxtəlif aspektlərini parlamentdə müzakirəyə çıxarır və ictimaiyyət arasında fəal təbliğ edirlər. Bunlardan Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktiv iştirak, həmçinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin azad olunmasından sonra milli həmrəyliyin və bərpa proseslərinin milli ruhda təşkili ilə bağlı çıxışlar və təşəbbüsləri misal çəkmək olar.
Milli Məclis eyni zamanda informasiya siyasəti çərçivəsində Azərbaycançılıq ideyasının mediada düzgün və geniş şəkildə əks olunmasına dəstək verir".
Mövzu ilə bağlı Sonxeber.az-a danışan, Milli Məclisin deputatı Şahin Seyidzadə isə qeyd edib ki, Azərbaycançılıq ideyasının təbliği istiqamətində son dövrlərdə dövlət səviyyəsində bir sıra mühüm tədbirlər və təşəbbüslər həyata keçirilmişdir:
"Bu işlər əsasən milli birlik, dövlətçilik, mədəniyyətin qorunması və gücləndirilməsi, həmçinin gənclərin vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi istiqamətində aparılır. Ümumtəhsil məktəblərində və ali təhsil müəssisələrində azərbaycançılıq ideyasına əsaslanan milli-mənəvi dəyərlər, tariximiz və mədəniyyət xadimlərimizlə bağlı silsilə layihələr həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin irsi azərbaycançılıq ideyasının müəllifi kimi dövlət səviyyəsində daim təbliğ olunur. Bu ideya təkcə siyasi yönü olan bir anlayış kimi deyil, həm də milli-mənəvi dəyərlərin qorunması və inkişafı, xalqın birlik və həmrəyliyinin təmin edilməsi kimi qəbul edilmişdir.
Gənclər arasında azərbaycançılıq düşüncəsinin gücləndirilməsi üçün ilk növbədə təhsil proqramlarının milli dəyərlər əsasında zənginləşdirilməsi, interaktiv və rəqəmsal maarifləndirmə vasitələrinin geniş tətbiqi məqsədəuyğun hesab olunur. Bununla yanaşı, gənclər təşkilatları və könüllülük hərəkatı çərçivəsində milli birlik və dövlətçilik ruhunu aşılayan layihələrin təşkili, mədəniyyət və incəsənət vasitəsilə milli ideyaların təbliği, region gəncləri və xaricdə yaşayan soydaşlarımızla sistemli əlaqələrin qurulması vacib addımlar sırasındadır. Bu istiqamətdə davamlı və innovativ yanaşmalar gənclərin vətənpərvərlik ruhunda formalaşmasına mühüm töhfə verə bilər.
Şahin Seyidzadə onu da vurğuladı ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti, dili, adət-ənənələri və dövlətçilik ənənələri əsrlər boyu formalaşaraq bu gün bizim milli birliyimizin əsasını təşkil edir və bu dəyərlər bizi bir millət kimi birləşdirir, eyni zamanda gələcəyimizə istiqamət verir:
"2025-ci ilin ölkəmizdə Konstitusiya və Suverenlik İli elan edilməsi bu dəyərlərin daha da möhkəmləndirilməsi və qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Suverenlik – yalnız dövlətin müstəqilliyi deyil, həm də xalqın öz dəyərlərinə, irsinə, torpağına və gələcəyinə sahib çıxması deməkdir. Azərbaycançılıq ideyasının əsasında məhz bu anlayış – suverenliyimizi qorumaq və milli həmrəyliyi təmin etmək dayanır. Hər bir vətəndaş, hər bir ailə dövlətçiliyin vacib bir elementi kimi tariximizin, mədəniyyətimizin və adət-ənənələrimizin daşıyıcısıdır. Bu dəyərləri qorumaqla biz təkcə keçmişimizi deyil, eyni zamanda müstəqil dövlətimizi və gələcəyimizi də qorumuş oluruq. Ümumiyyətlə Azərbaycanlı olmaq sadəcə bir vətəndaşlıq deyil – bu, böyük bir mədəniyyətin, zəngin bir tarixin və güclü dövlətçilik ənənələrinin daşıyıcısı olmaq deməkdir. Azərbaycançılıq - sadəcə siyasi anlayış deyil, xalqımızın milli kimliyini, mədəni irsini, tarixi yaddaşını və dövlətçilik ənənələrini birləşdirən ali dəyərdir. Bu dəyərin əsası ailədən başlayır. Ailə – hər bir insanın ilk vətəni, ilk məktəbi və ilk dəyərlər dərsidir. Burada uşağa dil, adət-ənənə, milli-mənəvi dəyərlər aşılanır. Məktəb isə bu təməlin üzərində milli şüur və vətəndaşlıq mövqeyi ilə gələcək nəsli formalaşdırır. Cəmiyyət isə bu iki əsasın daşıyıcısı kimi bütövlükdə dövlətin davamlılığını təmin edir. Bu gün Azərbaycan gəncliyi yeni dövrün nümayəndəsidir. Artıq bizim gənclər sovet ideologiyası altında böyüyən gənclər deyil. Bu günün gəncləri müstəqil və suveren bir dövlətin vətəndaşlarıdır. Onlar azad düşüncəyə, sərbəst fikrə və milli qürura sahib nəsildir. Lakin bu azadlıq və bu müstəqillik bizə hazır verilməyib. Xalqımız tarixin müxtəlif dönəmlərində ağır sınaqlardan keçib, müstəqillik uğrunda can verib, qan töküb. 1990-cı illərin əvvəllərində Azərbaycanın yenidən müstəqillik qazanması, eyni zamanda böyük təhlükələrlə müşayiət olundu. Torpaqlarımızın işğalı, vətəndaş qarşıdurmaları, iqtisadi böhran höküm sürürdü. Bu sınaqlardan keçərək bugünkü güclü Azərbaycanı artıq dünya dövlətləri tanıyır. Buna görə də bu günün gəncləri bilməlidirlər ki, sahib olduğumuz müstəqillik, sabitlik və suverenlik sadəcə siyasi nailiyyət deyil – bu, tarixi zəfərin, milli həmrəyliyin və şəhidlərimizin qanı bahasına qazanılmış müqəddəs dəyərdir. Bu dəyəri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək isə hər birimizin, xüsusilə də gəncliyin müqəddəs borcudur.
Unutmayaq: Azərbaycan bizim ortaq evimiz, Azərbaycançılıq isə bu evin ruhudur. Bu ruhu yaşatmaq – bizim milli və vətəndaşlıq borcumuzdur!"
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği" mövzusuna uyğun olaraq dərc edilir.
Mənbə: https://sonxeber.az