ABŞ və İsrailin İranla artan gərginliyi fonunda, 1998 Dünya Çempionatında yaşanan unudulmaz bir an yenidən diqqət mərkəzinə gəlib. Həmin vaxt İran futbolçuları ABŞ komandasına çiçək hədiyyə edərək dostluq mesajı vermişdi.
Siyasi arenada uzun illərdir davam edən gərginliyə baxmayaraq, bu iki ölkənin futbol meydanında göstərdiyi səmimi davranış idmanın birləşdirici gücünü nümayiş etdirmişdi. Bu jest, dünya çempionatının tarixinə düşərək, xalqlar arasında dostluq və anlaşma rəmzi kimi qəbul edilmişdi.
Sosial şəbəkələrdə bu görüntülərin yenidən paylaşılması, istifadəçilər tərəfindən böyük maraqla qarşılanır. İnsanlar bu anı, siyasi çəkişmələrə rəğmən, idmanın xalqları bir araya gətirmə potensialının ən gözəl nümunəsi kimi qiymətləndirirlər.
Hazırda ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları və bölgədəki yüksək gərginlik fonunda, 1998-ci ildə yaşanan bu mənalı jest yenidən xatırlanaraq, sülh və dialoq üçün bir çağırış kimi şərh olunur.