"Hər birimiz cənab prezident İlham Əliyevin yanvarın 8-də "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışını böyük qürurla izlədik".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, ölkə başçısının qeyd etdiyi kimi, ölkəmizin enerji potensialını gücləndirəcək stansiya artıq dünəndən fəaliyyətə başladi:
"Yanvarın 8-i ölkəmizin həyatında əlamətdar bir gündür. Xızı-Abşeron" Külək Elektrik Stansiyası ölkəmizin enerji potensialını gücləndirəcək stansiyadır. 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.2022-ci ilin yanvar ayında bu stansiyanın təməlini qoyulmuşdu Bu stansiya "ACWA Power" tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Bu gün "ACWA Power" şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. Bu stansiyanın tikintisində baş podratçı kimi "Power China" şirkəti də iştirak edib. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir.
Təbii ki, bu məsələdə Azərbaycan energetiklərinin əməyini qiymətləndirilməlidir. Çünki son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş elektrik stansiyasının tikintisinə də başlanılmışdır.
Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir. Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək.
Bilirsiniz ki, keçən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışını qeyd edərkən bir daha əmin olduq ki, Azərbaycanda bu iki proses, yəni ənənəvi generasiya gücləri və bərpaolunan generasiya gücləri paralel şəkildə aparılmalıdır. Ancaq o təqdirdə biz istədiyimiz nəticəyə nail ola bilərik. Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır".
Deputat vurğulayıb ki, bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir:
"Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq.Ona görə ölkə başçısı çıxışında xarici investorları həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə dəvət etdi. Xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə. O cümlədən bu məsələdə Azərbaycan şirkətləri aktiv olmalıdır.
Ölkəmizdə gözəl investisiya iqlimi vardır. Biz ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edə bilmişik. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Mən bu yaxınlarda bu məsələ ilə bağlı geniş danışmışam. Sadəcə olaraq, onu bildirməliyəm ki, bizim bu sahədə apardığımız islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün bizim kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Xarici borcumuz çox aşağı səviyyədədir, ümumi daxili məhsulun təqribən 6 faizindən bir qədər çoxdur.
Valyuta ehtiyatlarımız xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Yəni bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır".
Deputat söyləyib ki, bərpaolunan enerji potensialımız çox artacaq:
"Gələcək planlarla bağlı. Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu "AzərEnerji" öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın.Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Ötən gün gözəl hadisəni qeyd etməklə həm görülmüş işlərə bir növ yekun da vurduq və ən əsası gələcək planlarla bağlı da öz baxışlarımızı bölüşürük. Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması xarici investorlar tərəfindən həyata keçirilən genişmiqyaslı layihələrdir. Bu layihələrə bu günə qədər 100 milyonlarla dollar vəsait qoyulub. Azərbaycan dövləti xarici sərmayələri daim qoruyur, bizim bir çox neft kontraktlarımız artıq uzun illərdir icra edilir və qəbul edilmiş qərarlarda, kontraktlarda bir dənə də olsun nəinki paraqraf, nəinki maddə, hətta bir söz də dəyişilmir və dəyişilməyəcək. Bu da xarici investorları ölkəmizə cəlb etmək üçün çox vacib bir amildir. Çünki Azərbaycan etibarlı dövlətdir. Sözümüz imzamız qədər dəyərlidir və qanunidir.
Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır".
2026-01-09
13:00:12
"Xızı-Abşeron" Külək Elektrik Stansiyası ölkəmizin Enerji Potensialını Gücləndirəcək Stansiyadır" - DEPUTAT
Digər Xəbərlər
-
Anar Mehdiyevə Cinayət Işi Açıldı - Yarım Milyondan çox Yeyinti
2026-01-09 23:09:09 -
Veysəloğlu MMC "Gələcəyin Liderlik Ekosisteminin Qurulması" üzrə Strateji Yanaşmasını Təqdim Edib
2026-01-09 23:03:09 -
Elçilik Zamanı Bəyin Anasının Dediyi Sözlər Diqqət çəkdi - VİDEO
2026-01-09 18:16:09 -
Bakıda Binanın Eyvanı Uçdu (FOTO)
2026-01-09 17:26:10 -
Küləklə Bağlı Növbəti - XƏBƏRDARLIQ
2026-01-09 17:00:11