Son zamanlar bəzi insanlarda qeyri-adi bir istək müşahidə olunur: gil, təbaşir, torpaq, kömür kimi qida dəyəri olmayan maddələri yemək. Mütəxəssislər bu vəziyyəti "pika sindromu" adlandırır. Bəs bu sindromun kökündə nə dayanır? Qida dəyəri olmayan maddələrə qarşı yaranan bu istəyin səbəbləri nələrdir?
Pika sindromunun yaranma səbəbləri:
1. Qidalanma çatışmazlığı
Orqanizmin karbohidrat, yağ, zülal, mineral (sink, dəmir, mis) və vitaminlərə (xüsusilə B1 və B6) olan ehtiyacının ödənilməməsi qeyri-adi istəklərə yol aça bilər. Süd, yumurta, ət, balıq və pendir kimi qidaların az qəbul edilməsi bu çatışmazlığı yarada bilər.
2. Yanlış pəhriz proqramları
Düzgün planlaşdırılmayan pəhrizlər orqanizmdə problemlərə səbəb olur və pika sindromu riskini artırır.
3. Psixoloji səbəblər
Bəzi psixiatrik xəstəliklər (şizofreniya, obsessiv-kompulsiv pozuntu, depressiya) yemə davranışına təsir edir. Anoreksiya və bulimiya kimi yemə pozuntuları da pika sindromuna zəmin yarada bilər.
4. Hamiləlik və əmizdirmə dövrü
Hamiləlik və əmizdirmə dövründə qadınların qida istəkləri dəyişə bilər. Bu dövrdə dəmir çatışmazlığı və hemoqlobinin aşağı düşməsi qeyri-adi qida istəklərinə səbəb ola bilər.
5. Uşaqlıq dövrü vərdişləri
Uşaqlar iməkləmə və diş çıxarma dövründə əllərinə keçən əşyaları ağızlarına aparmağa meylli olurlar. Bu davranışın davam etməsi pika sindromuna səbəb ola bilər.
6. Mədəni faktorlar
Bəzi xalqlarda torpaq və ya gil yemək mədəni ənənə kimi qəbul edilir. Bu cür vərdişlər pika sindromuna gətirib çıxara bilər.
7. Bəzi xəstəliklər
Vitamin və mineral çatışmazlığı immun sistemini zəiflədir və xəstəliklərə şərait yaradır. Böyrək xəstəlikləri zamanı dəmir, sink və kalsiumun mənimsənilməsi çətinləşir, bu da pika sindromuna səbəb ola bilər.
Müalicə üsulları:
Pika sindromu psixiatrik xəstəlikdir. Müalicənin ilk addımı bu vəziyyətin xəstəlik kimi qəbul edilməsidir. Daha sonra səbəblər araşdırılır və müalicə planı qurulur. Həkim, dietoloq və psixiatrın birgə iştirakı ilə xəstəyə uyğun qidalanma proqramı hazırlanır. Psixoloji dəstək və ailənin köməyi də vacibdir.