Araz Nəsirov: "Regionlarda Yaşayanların Tibbi Xidmət Alması üçün Bakıya Gəlməsinə Ehtiyac Yoxdur"

Araz Nəsirov:
"Şirvan, Şəki, Lənkəranda travmatologiya mərkəzləri açılıb, fəaliyyət göstərir, artıq göz mərkəzlərinin açılmasını planlaşdırırıq". Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov "Artıq çəkinin fəsadları və düzgün həyat tərzi" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, mərkəzlərin açılması bölgələrdə yaşayanlar üçün xidməti əlçatan edir və hazırda bütün regionlarda insanlar 3 315 tibbi xidmətdən istifadə edirlər. Araz Nəsirov qeyd edib ki, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB ilin əvvəlindən ilkin səhiyyənin gücləndirilməsi istiqamətində birgə layihəyə start veriblər: "Bu layihəyə pilot olaraq Bərdədə başlanıb. Yaxın zamanda ölkə səviyyəsində sözügedən layihənin tətbiqi planlaşdırılır. Biz sahə həkimlərinin işlədiyi infrastrukturu gücləndirməyi, ailə-sağlamlıq mərkəzlərinin yaradılmasını hədəfləmişik". TƏBİB rəsmisi vurğulayıb ki, hazırda tibb müəssisələrinə hər gün yüz minə yaxın müraciət olur. "Habelə, 400 minə yaxın xidmət göstərilir. Biz, əlbəttə ki, bunun artmasının tərəfdarı deyilik. Hədəfimiz qabaqlayıcı səhiyyə və profilaktik tədbirlərlə müraciətlərin azalmasıdır". O əlavə olaraq vurğulayıb ki, tibb müəssisələri içərisində ən zəif infrastruktura malik olanı Lerik xəstəxanasıdır: "Lerik xəstəxanasının infrastrukturu digər müəssisələrə nisbətdə zəifdir, lakin buna baxmayaraq, orada yaşayanlar uzunömürlü insanlardır".

Mənbə: https://sonxeber.az