29.03.2024 11:54
Oxunub: 9 dəfə

Yevlaxda dəmiryol xətti ilə kəsişən yol xəbərdarlıq edilmədən bağlanıb?

Martın 28-də Yevlax rayonunun Yuxarı Qarxun kəndinin ərazisindən keçən dəmiryol xəttində aparılan işlərə görə dəmir yolu ilə kəsişən Yevlax-Xaldan avtomobil yolu uzun müddət bağlı qalıb.
Yeniavaz.com-a müraciət edən sakinlər və sürücülər bildiriblər ki, bu barədə onlara əvvəlcədən heç bir xəbərdarlıq edilməyib və nəticədə uzun tıxac yaranıb.
"İşə, dərsə, həkimə tələsənlər çarəsiz qalıblar. Guya keçiddə təmir aparılır. İki kilometr uzunluğunda tıxac yaranıb. Düz 55 dəqiqə yol bağlı qalıb. Bir nəfər də çıxıb bununla bağlı camaata açıqlama verməyib ki, nə məsələdir", - deyə adının açıqlanmasının istəməyən sürücü bildirib.
Müraciət edənlər redaksiyaya fotolar da təqdim ediblər.
Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, 28 mart 2024-cü il tarixində saat 12:00-14:00 arası Yevlax rayonunun Yuxarı Qarxun kəndində Yevlax-Xaldan avtomobil yolunun dəmir yolu ilə kəsişməsində yerləşən qorunan dəmiryol keçidində planlı qrafik üzrə aparılacaq təmir işləri ilə əlaqədar 18 mart 2024-cü il tarixində müvafiq qurumlara, o cümlədən Yevlax Rayon Polis İdarəsinə yazılı müraciət edilib:
"Müraciətdə keçiddə avtomobil nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması zərurəti yarandığından, sözügedən saatlarda nəqliyyat vasitələrinin hərəkəti üçün alternativ yol kimi Xaldan-Ağdaş-Ləki, Yevlax-Ləki-Ağdaş avtomobil yolundan istifadə olunması təklif edilib".

Günün Top 10 Xəbəri