29.03.2024 16:45
Oxunub: 7 dəfə

"Ultravist" dərmanı niyə yoxa çıxıb? - Rəsmi açıqlama

Artıq 10 gündən çoxdur ki, xəstələr kontrastlı KT, anfioqrafiya və bir çox kontrastlı rentgen müayinələrindən keçə bilmirlər. Bunun səbəbi ölkədə bu müayinələr zamanı istifadə edilən "Ultravist" kontrast maddəsinin tapılmamasıdır.
Xəstələrin sözlərinə görə, sözü gedən madə həm dövlət, həm də özəl tibb müəssisələrində "yoxa" çıxıb. Hətta bəzi xəstələr həyatı təhlükəsi olduğundan bu preparatı yaxın ölkələrdən sifarişlə gətirdiklərini bildiriblər. Xəstələrin bildirdiyinə görə, həm dövlət, həm də özəl xəstəxanalarda hansısa bir xəstədə miokard infarktı xəstəliyinə ciddi şübhə varsa və həmin xəstəyə həyatı göstərişlə, təcili olaraq koronar angioqrafiya müayinəsi lazımdırsa müayinə etmək mümkün olmayacaq. Həmin xəstələr həyatını itirmək təhlükəsi ilə üz-üzə qala bilər.
Doğrudanmı ölkədə "Ultravist" kontrast maddəsi tapılmır? Bəs Səhiyyə Nazirliyi bu problemin həlli ilə bağlı nə düşünür?
Qaynarinfo Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev sözügedən preparatın kifayət qədər olduğunu bildirib:
"Səhiyyə Nazirliyinin tibb müəssisələrində sözügedən preparatdan kifayət qədər mövcuddur və cari ilin sonuna kimi tədarük edilib".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə sorğunuza cavab bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində kontrast maddəsi ilə təminat və təchizatla bağlı hər hansı çatışmazlıq mövcud deyil:
"Tələbata uyğun olaraq müəssisələr tam təmin olunur".

Günün Top 10 Xəbəri