27.03.2024 12:18
Oxunub: 15 dəfə

Taksi sürücüsü sərnişini maşınından zorla düşürdə bilərmi? - VİDEO

Tez-tez taksi sürücüləri ilə sərnişinlər arasında mübahisələrə şahid oluruq. Adətən sosial şəbəkələrdə paylaşılan bu videolarda bəzi sürücülər müştəriləri nəqliyyat vasitəsindən düşürürlər.
Oxşar hadisələrin ortaq nöqtəsi isə belədir: "Maşın mənimdir, mən bilərəm". Bəs görəsən belə olan halda sərnişinin hansı hüququ var? Taksi şirkəti ilə əməkdaşlıq edən sürücü sərnişini maşından qova bilərmi? Bu yerdə qanun nə deyir?
Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən hüquqşünas Şamil Paşayev bildirib ki, taksi şirkətlərinin xidmətlərindən istifadə edən şəxslər aralarında həm mülki qanunvericiliyin tələbinə uyğun olaraq, həm də ümumi qaydalara əsasən davranmalıdırlar:
"Bu davranışlardan kənara çıxmaq qanun pozuntusu hesab oluna bilər. Taksi sürücü və yaxud da taksi şirkətinin əməkdaşı müştərini ürəyi istədiyi kimi, sırf şəxsi maşını olduğuna görə avtomobildən qova bilməzlər. Belə olan hal sürücünün arzusuna buraxılan məsələ deyil. Əgər sürücü öz arzusu ilə, kefi istədiyi kimi kimisə avtomabildən qovursa bu zaman müştəri, yəni istehlakçı həm sürücünü, həm də həmin şirkəti məhkəməyə verə bilər. Müştərinin təzminat alma hüququ yaranır".
Hüquqşünasın sözlərinə görə, bütün hallarda sürücülər maksimum dərəcədə sərnişinlə davranışda nəzakətli olmalıdırlar:
"Aralarında yaranmış mübahisənin həcmi, xarakteri və motivinə görə tərəflərin məsuliyyətə cəlb olunması həll edilə bilər. Elə məsələ ola bilər ki şəxslərin eyni avtomobildə getməsi mümkün olmasın bu kimi halları məhkəmə araşdırmalıdır. Bütün hallarda taksi sürücüləri və şirkətlər müştəriyə qarşı son dərəcə nəzakətli olmalıdırlar".

Günün Top 10 Xəbəri