22.09.2022 23:54
Oxunub: 7 dəfə

"Sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır"

"Sentyabrın 12-13-də sərhədlərimizdə gedən döyüşlər, daha doğrusu, Ermənistanın təxribatı bir daha sübut etdi ki, Ermənistan rəhbərliyi və hətta deyərdim ki, erməni xalqı 44 günlük müharibədən lazımi nəticə çıxarmayıb".
"Qafqazinfo" xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazdakı real vəziyyəti anlamır: "Onlar hələ də təxribatlarından qalmırsa, deməli, dərk etmirlər ki, Azərbaycandan bir qarış torpaq belə qopara bilməyəcəklər. Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi bağlamaqdan boyun qaçırdıqca, başları ağrıyacaq, Azərbaycan dövləti və Azərbaycan Ordusu onların cavabını, son döyüşlərdə olduğu kimi, layiqincə verəcək".
C.Quliyevin fikrincə, sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır ki, böhran içində olan iqtisadiyyatını bir az dirçəldə bilsin: "Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə bağlanmalıdır. Təəssüf ki, Ermənistan rəhbərliyi bu təxribatlardan heç bir fayda əldə etməyəcəyini anlamır. Amma dünya ictimaiyyəti yavaş-yavaş həqiqətin nə olduğunu bilir".

Ən çox oxunanlar