14.05.2022 11:09
Oxunub: 6 dəfə

Övladlığagötürmə ilə "Himayədar ailə"nin fərqi nədir? - AÇIQLAMA

Övladlığagötürmə ilə "Himayədar ailə"nin fərqi nədir? Bunlardan hər ikisinə müraciət üçün hansı şərtlər tələb olunur?
Mövzuyla bağlı SonXeber.Biz-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Murad Həşimov açıqlama verib.
O bildirib ki, övladlığagötürmə, bioloji ailəsi ilə birlikdə ola bilməyən və bütün hüquqi əlaqələri kəsilən bir uşaq üçün daimi ailə qayğısı növüdür, "Himayədar ailə" isə daimi deyil, müvəqqəti alternativ ailə qayğısıdır:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda "Himayədar ailə" qayğı modelinin tətbiqi istiqamətində qanunvericilik bazasının yaradılması işləri davam etdirilir. Prezident İlham Əliyevin 15 fevral 2022-ci il tarixli Fərmanına əsasən, "Himayədar ailə" qayğı modeli üzrə idarəetmə və xidmətlərin e-infrastruktur üzərindən həyata keçiriləcəyini, himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin), himayədar ailəyə verilmiş uşaqların vahid qeydiyyatının da e-sistem vasitəsilə aparılacağı nəzərdə tutulub.
Hazırda "Himayədar ailə" modelinin tətbiqi ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilir, xüsusilə Türkiyə təcrübəsindən istifadəyə önəm verilir.
Qarşıdakı dövrdə əməkdaşlara Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən reinteqrasiya, qeytkipinq, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyalarının keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, himayədar ailə institutu dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına və bununla onların inkişafına şərait yaradılmasına xidmət edir.
Dövlət başçısının qeyd edilən Fərmanına əsasən, himayədar ailə sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti 2022-ci ilin noyabr ayının 1-dən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək".
Aysel SƏFƏRZADƏ

Ən çox oxunanlar