22.06.2022 15:18
Oxunub: 2 dəfə

"İmzalanmış memorandum Azərbaycan həqiqətlərini Orta Asiya regionuna çatdırılması baxımından əhəmiyyətli olacaq"

"Bu günlərdə Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumu çərçivəsində iki ölkənin müvafiq qurumları arasında imzalanmış sənədlər arasında media sahəsində əməkdaşlığın da özünü ehtiva etməsi ölkə jurnalistlərinin daha bir beynəlxalq təcrübədən yararlanmasına imkan yaradacaq".
Bu fikirləri "Türk Dünyası Media Əməkdaşlıq Alyansı" İctimai Birliyinin sədri Süleyman İsmayılbəyli SonXeber.Biz-a açıqlamasında səsləndirib.
İctimai Birlik sədri qeyd edib ki, bu həm də türk dünyası media platformasının reallaşdırılması istiqamətində atılan ilkin, eyni zamanda mühüm addımlardan sayıla bilər:
"Bu gün Azərbaycan-Türkiyə media platforması çərçivəsində iki qardaş ölkənin kütləvi informasiya vasitələri arasında çox sıx əlaqələr mövcuddur. Həyata keçirilən qarşılıqlı səfərlər, təşkil edilən seminarlar, müxtəlif səviyyəli tədbirlər Azərbaycan və Türkiyənin media təmsilçilərinin bir-birilərinin təcrübələrindən yararlanmağa imkan yaradır. Artıq bu prosesi digər türk respublikaları ilə də həyata keçirmək, eyni xətlə əməkdaşlıq qurmaq günün tələbinə çevrilib. Hesab edirəm ki, Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı-direktoru Əhməd İsmayılov və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Asadjon Xocayev arasında imzalanmış Anlaşma Memorandumu bu baxımdan mühüm əhəmiyyət kəsb edəcək".
"Məlumdur ki, son illərdə Azərbaycan mediasının dünya mediası ilə ayaqlaşması, beynəlxalq təcrübəni öyrənməsi vacib amillərdən birinə çevrilib. Bu baxımdan dost-qardaş ölkələrlə bu sahədə əməkdaşlıq olduqca vacibdir",- deyən Süleyman İsmayılbəyli hesab edir ki, bu kimi sənədlər, əldə edilən təcrübə jurnalist peşəkarlığının artırılmasında da öz müsbət nəticələrini göstərəcək:
"Son illərə qədər Azərbaycan mediası yalnız Türkiyə və qismən də Rusiya mediasının təcrübəsi ilə tanış olub ki, bu da bizim üçün kifayət etmir. Düşünürəm ki, MEDİA-nın İnkişafı Agentliyinin bu istiqamətdə başladığı fəaliyyət ümumən Azərbaycan mediasının inkişafına öz töhfəsini verəcək. Özbəkistanla media sahəsində imzalanmış memorandum Azərbaycan həqiqətləri, ölkə olaraq zaman-zaman üzləşdiyimiz problemlərin özbək mediası vasitəsilə ümumən Orta Asiya regionuna çatdırılması baxımından əhəmiyyətli olacaq".

Ən çox oxunanlar