18.09.2023 22:18
Oxunub: 6 dəfə

Günəşin parlaqlığını azaltsalar, bəşəriyyət böyük fəlakətlə üzləşəcək

Qlobal istiləşmə təhlükəsi səbəbindən Günəşin parlaqlığını süni şəkildə azaltmaq üçün günəş geomühəndisliyindən istifadə barədə fikirlər getdikcə artır. Lakin bəzi ekspertlər bu fikirlə razılaşmırlar.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan, Kanada, Niger, İndoneziya və Kiribati kimi bir sıra ölkələrdə alimlər, fond rəhbərləri və keçmiş nazirlər günəş radiasiyasının azaldılmasına qarşı olduqlarını bildiriblər.
Onlar günəş radiasiyasının azalmasının potensial mənfi nəticələrinə diqqət çəkiblər. Cənubi Asiya və Qərbi Afrikada musson yağışlarının mümkün pozulmalarına xüsusi diqqət yetirilir ki, bu da məhsuldarlığın azalmasına və milyonlarla insan üçün ərzaq qıtlığına səbəb ola bilər.
Digər problem ozon təbəqəsinin bərpasıdır. Günəş geomühəndisliyinin üsullarından biri işığı kosmosa əks etdirmək üçün aerozolların, o cümlədən kükürd hissəciklərinin stratosferə səpilməsini nəzərdə tutur. Lakin belə bir proses Yeri zərərli ultrabənövşəyi şüalardan qoruyan ozon təbəqəsinin bərpasını ləngidə bilər. Bundan əlavə, kükürdün daimi püskürtülməsi zərurətə çevrilə bilər və bu dayanarsa, planetin səthi tez bir zamanda istiləşəcəkdir.
Bunun əvəzinə ekspertlər diqqəti karbon qazı, metan və qlobal istiləşməyə səbəb olan digər maddələrin emissiyalarının azaldılmasına yönəltməyi təklif edirlər. Onlar CO2-nin sənaye və energetikada təkrar emalı üsullarının, həmçinin onu atmosferdən çıxaran sistemlərin işlənib hazırlanmasını tələb edirlər. Təklif olunan bu həll qlobal istiləşmə ilə mübarizənin daha effektiv və təhlükəsiz yolu ola bilər.

Günün Top 10 Xəbəri