17.04.2024 11:36
Oxunub: 4 dəfə

"Fransanın ölkəmizə qarşı təhdid və təzyiqləri heç bir nəticə verməyəcək" - DEPUTAT

Xəbər verdiyimiz kimi Fransa Azərbaycandakı səfirini geri çağırıb.
Bununla bağlı SonXeber.Biz-a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransanın bu addımı atması bizi təəccübləndirmədi:
"Fransa Azərbaycan qarşı hər zaman qərəzli münasibət bəsləyib. Fransa vasitəçi ölkə olmasına baxmayaraq 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları atmaqdadır. Bu ölkə dəfələrlə qarayaxma kampaniyası aparsa da Azərbaycan hər zaman dialoq qapılarını açıq saxlayıb. Son 3 il yarım müddətdə Fransanın atdığı addımlar regionda vəziyyəti yenidən gərginləşdirməyə xidmət edir. Eyni zaman bu ölkə ciddi cəhdlə Azərbaycanla-Ermənistan arasında əlaqələrin normallaşdırılmasına və sülh müqaviləsinin imzalanmasına maneə olmağa çalışır. Bilirsiniz ki, Fransa dəfələrlə BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında və digər beynəlxalq platformalarda Azərbaycan əleyhinə sənəd layihələrinin qəbul olunmasında təşəbbüskar olub. Azərbaycan bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu hər dəfə sübut edib".
Deputat vurğulayıb ki, səfirliyimizə qarşı edilən hücumlar və 19-cu əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir:
"Bu gün Fransa Ermənistanı silahlandıraraq bölgədə yenidən müharibə qığılcımlarını yaratmağa çalışır. Fransa bilməlidir ki, Azərbaycan öz milli maraqlarının və suverenliyini qorunmaq üçün bütün zəruri tədbirlər görəcək. Buna nə Fransa, nə də Ermənistana himayədarlıq edən digər dövlət və təşkilatlar maneə ola bilməyəcək. Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa edib. Fransanın ölkəmizə qarşı təhdid və təzyiqləri heç bir nəticə verməyəcək. Qaldı ki, Azərbaycanın da Fransadakı səfirini geri çağması məsələsinə, əminəm ki, dövlətimiz bu istiqamətdə ən doğru qərarı vercək".

Günün Top 10 Xəbəri