27.03.2024 16:00
Oxunub: 11 dəfə

Ermənistan Kərkini qaytarmasa yenidən hərbi əməliyyatlar başlaya bilərmi? - AÇIQLAMA

Ermənistan baş naziri Nikol Paşinyan daha əvvəl parlamentdə qapalı iclasda anklav və eksklav ərazilər ilə bağlı məsələlərdən danışıb. Nikol Paşinyan açıq şəkildə bildirib ki, qısa müddət ərzində dörd kəndin Azərbaycana qaytarılması baş verməlidir. Paşinyan Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndlərindən danışsa da, Kərki və qalan 3 kəndin qaytarılması istiqamətində konkret bir mövqe ortaya qoya bilmir. Burada diqqət yetirməli olduğumuz məqam Kərki kəndidir. Kərki strateji baxımdan əhəmiyyətli bir ərazidir. Kərki kəndi işğaldan azad olunarsa, Ermənistanın əsas nəqliyyat mərkəzləri Azərbaycandan asılı vəziyyətə düşəcək. O cümlədən Zəngəzur dəhlizin açılması prosesi sürətlənə bilər. Bəs Ermənistan Kərkini Azərbaycana qaytarmasa, hərbi əməliyyatlar başlaya bilərmi?
Mövzu ilə bağlı SonXeber.Biz-a danışan politoloq Turan Rzayev bildirib ki, ümumiyyətlə anklav və eksklav məsələsi mübahisəli məsələdir. Bu məsələlərin konkret həllinə dair razılaşma yaxud yeni metod hələki ortada yoxdur:
"Tərəflər müzakirələr aparır və görüşlər keçirirlər. Lakin Kərkinin və digər ərazilərin qaytarılması hansı metodla həll ediləcəyinə dair konkret bir məlumat yoxdur. Bu baxımdan hazırda proses üzrə nəsə demək olmur. Ermənsitanın indiki məqamda 4 kənd qaytaracağına dair məlumat var. Əslində bu münkün variantdır. Yerdə qalan Kərki və digər kəndlərin taleyi isə böyük ehtimalla danışıqlar ilə həll ediləcək. Ən azında Paşinyanın verməyə razı olduğu kəndlərdən sonra bir ehtimal yaranır. Bu baş verərsə, növbəti danışıqlara daha konstruktiv baxa bilərik. Kərkinin qaytarılması Azərbaycan tərəfinin göstərdiyi mövqedən asılı olacaq. Əgər Azərbaycanın maraqları çərçivəsində Kərkinin qaytarılması təmin edilməsə, Azərbaycan hərbi əməliyyatların tətbiqinə gedə bilər. Amma hazırda hərbi əməliyyatlar yaxud tərəflər arasında münasibətlərin gərginləşməsi kimi məsələlərdən qaçınılır. Hər iki tərəf üçün belədir. Bu münasibətin saxlanmasına çalışmaq lazımdır. Gərginliyin artırılması heç bir tərəfə divdentlər qazandırmır".
Qeyd edək ki, son vaxtlar İrəvanda ən yüksək dairələrdə kəndlərin Azərbaycana qaytarılması mövzusu çox aktuallaşıb və bu, faktiki olaraq Ermənistanın Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etdiyini və sülh prosesini sürətləndirmək üçün konstruktiv addımların zəruri olduğunu anladığını göstərir.
Sevda Səfərova

Günün Top 10 Xəbəri