28.03.2024 12:36
Oxunub: 5 dəfə

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır.
Metbuat.az xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin yaydığı məlumata görə, bu məktəbdə şagirdlər arasında erkən nikah halları qeydə alınıb. O bildirib ki, məktəbin 11-ci sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Bundan başqa, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları qeyd olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu məsələnin nəzarətə götürüldüyünü və araşdırma aparıldığını bildirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən də bildirilib ki, məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalar aparılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib ki, Salyan rayonu Pambıqkənddə məktəbli qızların erkən nikaha cəlb edilməsi halları bizdə təəssüf doğurur. O bildirib ki, regionlarda bu tipli hallar hələ də baş verir.
"Ana olmağa hazırlaşan həmin qız 9-cu sinifdə imtahan verib və 10-cu sinfə keçib. Lakin davamiyyətlə bağlı problem olduğu üçün sinifdə saxlanılıb və yanvar ayında məktəbdən xaric edilib. Məktəb rəhbərliyi üzərinə düşəni edib və regional idarəetmə orqanı tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib", - Eşqi Bağırov vurğulayıb.

Günün Top 10 Xəbəri