13.05.2022 17:54
Oxunub: 15 dəfə

"Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək" - Aqil Lətifov

Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. 18 faiz ƏDV-nin ləğv olunması çap medianın inkişafına necə təsir edəcək?
Məsələ ilə bağlı SonXeber.Biz-a SonXeber.Biz xəbər portalının baş redaktoru Aqil Lətifov açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi çox əhəmiyyətli, tarixi addımdır:
"Bildiyiniz kimi, cənab Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub. Çox sevindirici haldır ki, bu gün Əli Əsədov bütün qələm əhlini, kitabsevərləri sevindirən qərara imza atdı. Bu qərar təkcə bizi deyil, bütün vətəndaşları sevindirəcək addımdır.
Şübhəsiz ki, bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı şəkildə azaltmaqla inkişafına mühüm təkan verəcək. Bu təkanı təkcə biz deyil, hər kəs öz həyatında hiss edəcək. Çünki kitab hər kəsin həyatına birbaşa təsir edən vasitədir. Kitab qiymətlərində də müəyyən ucuzlaşmanın olacağını proqnozlaşdırmaq olar".
A.Lətifovun sözlərinə görə, indiki mərhələdə, xüsusilə Rusiya-Ukrayna müharibəsinin fonunda dünya bazarında cərəyan edən çalxalanmalara nəzər yetirdikdə kağız məhsullarının ƏDV-dən azad edilməsinin əhəmiyyəti daha da artır:
"Bu müharibənin fonunda son vaxtlar kağız məhsullarının qiymətinin həddən artıq bahalaşması sözügedən sahəyə əməlli-başlı zərbə vurub, ciddi bədbinlik yaradıb. Belə bir məqamda isə bu qərarın verilməsi tam zamanında, yerində atılan addım oldu. Çap mediasını, xüsusilə qəzetlərin hazırkı durumunu nəzərə aldıqda bu qərarın əhəmiyyətinin daha böyük olduğunu söyləyə bilərik.
Son vaxtlar bu istiqamətdə istər Medianın İnkişafı Agentliyində çap mediası subyektlərinin rəhbərləri ilə, istərsə də digər platformalarda ciddi müzakirələr gedirdi. Deməli, bu müzakirələr heç də boşuna deyil. Ümid edək ki, ƏDV-dən azad olunma, gözlədiyimiz kimi, bu sahənin inkişafına ciddi töhfələr verəcək, "print-media"da intibahı təmin edəcək.
Hesab edirəm ki, bu qərar media sahəsində aparılan əsaslı islahatların ardıcıllığının və vahidliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla, çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə və iqtisadi dayanıqlılığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək".
Aysel Quliyeva

Ən çox oxunanlar