23.11.2022 23:54
Oxunub: 10 dəfə

Azərbaycanlı müğənnilərin "YOUTUBE" QAZANCI - 42 min AZN - SİYAHI

Daim gündəmdə olan yerli məşhurların özləri qədər qazancları da hər kəsin maraq dairəsindədir. Bu dəfə sosial şəbəkələrdə aktiv olan müğənnilərin yutub gəlirlərini araşdırdıq. Onların bu platfromadan qazancları təxminən 510-42 000 AZN aralığındadır.
BAKU.WS saytı həmin araşdırmanı oxuculara təqdim edirik:
Üzeyir Mehdizadə
Yutubda klipləri ən çox izlənilən məşhurlar arasında müğənni Üzeyir Mehdizadə ilk yerdədir. Onun şəxsi yutub kanalının 1 milyon 980 min abunəçisi mövcuddur. İfaçının 2012-ci ildə yaratdığı platformadan ən çox gəliri 25 000 dollar (42 min 500) olub. Bu barədə Üzeyir Mehdizadənin prodüseri İlqar bəy məlumat verib:
"Biz ümumiyyətlə Türkiyə musiqi şirkətləri ilə işləyirik. Üzeyir bəyin yutubdan gəlirləri hər ay fərqli olur. Bu məbləğ aylıq olaraq minimum 500 dolardan (850 AZN) başlayaraq 5 000 dollara (8 500 AZN) qədər artır. Bu günə qədər yutubdan ən çox qazandığı pul isə bundan 4-5 dəfə çox yəni, 20-25 000 dollar (34 000-42 500 AZN) olub".
Nahidə Babaşlı
Müğənni Nahidə Babaşlının yutub kanalı 2017-ci ildən fəaliyyət göstərir. Buna baxmayaraq ifaçının 1 milyon 430 min izləyicisi var. Onun şəxsi yutub platformasında ən çox qazancı 10 000 AZN olub. Bu haqda ifaçı özü bildirib:
"Yutubda qazanc stabil olmur. Gəlir bəzən çox, bəzən isə az olur. Elə ay olub ki, 10 min manat qazanc əldə etmişəm".
Talıb Tale
Müğənni Talıb Talenin yutubda 1 milyon 260 min abunəçisi var. Mahnılarının böyük əksəriyyətini özü bəstələyən sənətçinin klipləri də yetəri qədər baxış sayı yığıb. Talıb Tale açıqlamalarından birində yutubdan qazandığı məbləğə ev aldığını bəyan etmişdi:
"Ay ərzində yutubda baxış sayına görə 2 min dollar qazanıram. Sizə orta rəqəmi açıqlayıram. Ən çox ayda 4 700 dollar (7 990 AZN) pul götürmüşəm. Bu, 2017-ci ildə baş verib. Yutubdan yığılan pulla özümə ev aldım".
Şəbnəm Tovuzlu
Müğənni Şəbnəm Tovuzlunun yutub kanalı 2016-cı ildə açılıb. Sənətçinin 1 milyon 160 min izləyicisi var. Tovuzlu yutub kanalından hər ay 6 000 dollara (10 200 AZN) qədər qazanc əldə etdiyini deyib:
"Yutubdan qazandığım məbləği açıqlamaq mənim haqqımdır. Bu sənətə illərimi vermişəm. Yutub kanalımdan hər ay 5 800-6 000 dollar (9 860-10 200 AZN) pul qazanıram".
Damla (Məsumə Əliyeva)
Müğənni Damlanın yutubda 593 min abunəçisi var. Sənətçi bu günə qədər platformadan ən yüksək gəlir olaraq 4 000 dollar (6 800 AZN) əldə edib. Bu barədə ifaçının prodüseri Şamil İbrahimov bildirib:
"Hələ ki sonuncu klipin gəlirini götürməmişik. Damla xanımın yutubdan aylıq gəliri 2 000 dollardır (3 400 AZN). Ən yüksək qazancı isə 4 000 dollar (6 800 AZN) olub".
Vəfa Şərifova
Müğənni Vəfa Şərifovanın yutubda təxminən yarım milyona yaxın, yəni 499 min abunəçisi mövcuddur. Onun bu platformadan maksimum aylıq gəliri 12 000 AZN-ə yaxın olub. Bu barədə sənətçi özü məlumat verib:
"Əslində hər ay fərqli olur. Məsələn: elə ay olur ki, biz klip çəkdirmirik. Təqdim etdiyim mahnı da vacibdir. Gərək çox dinlənilsin. "Arkadaş" mahnısından 6-7 min dollar (10 min 200 AZN-11 min 900 AZN) gəlir əldə etdim".
Elnar Xəlilov
Müğənni Elnar Xəlilovun yutubda 62 min 200 abunəçisi var. Sənətçinin abunəçisi az olmasına baxmayaraq, o bu platformadan müəyyən məbləğdə gəlir əldə edir. Xəlilov yutubdan aylıq minimum 510 AZN qazandığını bildirib:
"Gəlirim adətən yutubdan olur. Bu da aydın məsələdir ki, biz orada öz mahnılarımızı yerləşdiririk. Oradan qazandığım gəlir stabil deyil. Dəyişkəndir. Paylaşdığım mahnıya görə gəlir də fərqli olur. Bu qiymət 300-1 000 dollar (təxminən 510-1 700 AZN) aralığında dəyişir".

Ən çox oxunanlar