29.03.2024 13:27
Oxunub: 6 dəfə

Azərbaycanda taksinin minimum qiyməti 5 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər müəyyənləşib. Eyni zamanda tələblərə görə, Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Hazırda i müzakirə olunan məsələlərdən biridə taksi xidmətlərində qiymətlərin artımı ilə bağlıdır. İddia olunur ki, Azərbaycanda taksi xidmətlərinin minimum qiyməti 5 manata kimi qaldırıla bilər. Azərbaycanda taksi qiymətləri artırılır?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı SonXeber.Biz-a açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə bağlı hər hansı qiymət artımından söhbət getmir:
"Çünki dövlət tərəfindən qəbul olunan qərarlarda bununla bağlı heç nə nəzərdə tutulmayıb. Sadəcə taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müəyyən sənədlər və qərarlar qəbul olunub. Hesab edirəm ki, xidmət sahəsinin inkişafı üçün vacibdir. Ola bilsin ki, bu qiymətlərə təsir göstərə bilər. Bunu amma dövlət etmir. Bunu şirkət özləri edə bilər. Çünki yeni avtomobillər alınmalıdır. Eyni zamanda avtomobillər ən azı 15 il istismar müddətini keçməməlidir. Hələ qarşıda iyuldan 8 il məsələsi gəlir. Belə olan halda bazara yeni avtomobillər, daha komfotlu xidmət çıxırsa, ona uyğun qiymət təklif oluna bilər. Ancaq sərnişinlərin tələbatı nə qədər olacaq onu zaman göstərəcək. Hal-hazırda dövlət tərəfindən taksi xidmətində qiymət artımı ilə bağlı heç nə nəzərdə tutulmur".
Xatırladaq ki, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.
Sevda Səfərova

Günün Top 10 Xəbəri