23.06.2022 13:45
Oxunub: 1 dəfə

"Avtobuslarda kondisioner problemi qısa vaxtda aradan qaldırılacaq"- Mais Ağayev

Yay fəslinin gəlməsinə baxmayaraq bəzi avtobuslarda kondisioner işləmir. Bu isə sərnişinlərin narazılığına səbəb olur. Kondisionerlərlə təchiz olunan avtobuslarda havalandırma sisteminin iyunun 1-dən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb. Bəs bu problemin qaynağı nədir?
Bununla bağlı SonXeber.Biz-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, problemi həll etmək üçün daşıyıcılara göstəriş verilib:
"Avtobusların hər biri istər "BakuBus", istər digər marşrut xətləri daşıyıcıların özlərinin balansındadırlar. Yəni ayrı-ayrı daşıyıcıların, operatorların istismarında olan xətlərdir. Agentlik hələ may ayının əvvəlində avtobusların yay rejiminə keçməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlayıb. May ayının sonunda havanın temperaturu kifayət qədər yüksək olduğuna görə sərnişinlərin daha rahat getməsi zərurəti yarandı. Ona görə may ayının 30-u növbəti xəbərdarlıq məktubu ünvanladıq ki, iyunun 1-dən kondisionerlər işə salınsın. Çünki normalda yay mövsümü iyunun 15-i başlayırsa, bizim üçün vacib olan sərnişinlərin rahatlığıdır. Hansı daşıyıcının istismarında olan avtobusda sərinləndirmə sistemi varsa, onlar dərhal işə salınmalıdır və böyük əksəriyyətində tapşırıq yerinə yetirilib.
Bəzilərində yoxdur və ya hər hansı texniki səbəbdən işləmirsə, bununla bağlı daşıyıcılarla iş aparılır. Göstəriş verilib ki, qısa vaxtda problem aradan qaldırılsın. Əslində qış mövsümündə bu problem aradan qaldırılmalıydı. Amma qaldırılmamasının da obyektiv səbəbləri vardı. Ən son "BakuBus" məlumat yaymışdı ki, təchizat sistemində müəyyən problemlər var. Biz onu da anlayışla qarşılayırıq, lakin bizim üçün vacib olan sərnişinlərin rahatlığıdır. Bütün daşıyıcılar və "BakuBus"a qısa vaxtda problemi həll etmək tapşırılıb və onlar da bu istiqamətdə iş aparırlar".
Şəbnəm Lətifi

Ən çox oxunanlar