18.03.2024 15:09
Oxunub: 12 dəfə

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası martın 19-na təyin edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərmayil Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, Fərmayil Əliyev 18 mart 2023-cü il tarixdə, saat 15 radələrində Astara rayonu, Şiyəkəran kəndində yaşadıqları mənzildə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı Əfsanə Ramazanova ilə ailə başçısı kimi onun hicab taxması və şalvar geyinməməsi barədə tələblərinə məhəl qoymamasından hiddətlənib.
Fərmayil Əliyev evin kişisi kimi bunu özünə sığışdırmayaraq, 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanı və qayınanası, zərərçəkmiş, 1970-ci il təvəllüdlü Sevda Ramazanovanı öldürmək qərarına gəlib. O, bu məqsədlə Əfsanə Ramazanova evin mətbəxində təklikdə olduğu zaman bıçaqla mətbəxə daxil olub, qapını içəridən bağlayıb. Daha sonra təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbəsi vuraraq onu xüsusi amansızlıqla öldürüb. O, bundan sonra pəncərədən mətbəxə daxil olmaq istəyən qayınanasına da bıçaqla bir zərbə endirərək qadına xəsarət yetirib. Zərərçəkmiş şəxs qışqırıb qonşuları köməyə çağırmasından sonra Fərmayil cinayəti başa çatdıra bilməyəcəyini dərk edib, qonşular tərəfindən yaxalanacağından ehtiyatlanaraq hadisə yerindən qaçıb.

Günün Top 10 Xəbəri