İstanbul Prokurorluğunun genişmiqyaslı araşdırması çərçivəsində saxlanılan bloqer Yusuf Aktaşın (Reynmen) narkotik testi ətrafında yaranan mübahisələr davam edir.
Lent.az-ın məlumatına görə, əməliyyat zamanı götürülən qan, saç və dırnaq nümunələrində qadağan olunmuş maddələr tapılsa da, Aktaş bu nəticələri qəbul etməyərək etiraz edib.
Yusuf Aktaş açıqlamasında, elmi metodlarla aparılacaq müstəqil analizlərin həqiqəti ortaya çıxaracağına inandığını bildirmişdi. O, rəsmi qurumların qiymətləndirməsini gözləməyin vacibliyini vurğulayaraq, əsassız xəbərlərə inanmamağı xahiş etmişdi.
Bloqerin tələbi ilə Türkiyədə və xaricdə aparılan təkrar analizlərin nəticələri məlum olub. Məhkəmə Tibb İnstitutu ilə eyni səviyyədə olan laboratoriyadan aldığı mənfi nəticələri paylaşan Reynmen, günahsız olduğunu bildirib. Aktaş, bu xoşagəlməz hadisəyə görə üzr istəyib və həqiqətin üzə çıxdığını qeyd edib.