Emi Uaynhaus dünya musiqisinin ən parlaq, lakin ən faciəli talelərindən biridir. Gənc yaşda qlobal şöhrət qazanan sənətçinin son illəri qalmaqallar, asılılıq problemləri və səhnədə yaşanan çətin anlarla müşayiət olunub. Onun şəxsi həyatındakı böhranlar və sağlamlıq problemləri karyerasına ciddi təsir göstərib.
2006-cı ildə çıxan “Back to Black” albomu onu dünya səviyyəli ulduza çevirdi. 2008-ci ildə bir gecədə beş “Qremmi” mükafatı qazanaraq tarixə düşdü. Lakin şöhrətin zirvəsində belə şəxsi həyatı qalmaqallardan uzaq olmadı.
Müğənninin 2005-ci ildə tanış olduğu Bleyk Filder-Sivillə münasibəti mediada geniş müzakirələrə səbəb oldu. Bu münasibət narkotik və alkoqol asılılığının daha da dərinləşməsinə və sənətçinin psixoloji vəziyyətinin ağırlaşmasına gətirib çıxardı.
Sonrakı illərdə Emi dəfələrlə reabilitasiya mərkəzlərinə müraciət etsə də, sağlamlıq problemləri səhnə fəaliyyətinə təsir edirdi. Konsertlərə gecikməsi, mahnı sözlərini unutması tez-tez gündəmə gəlirdi.
2011-ci ilin iyununda Belqradda baş tutan konsert ən səs-küylü hadisələrdən biri oldu. Səhnədə mahnıları düzgün ifa etmədi, orkestrdən geri qaldı və tamaşaçılarla əlaqə qura bilmədi. Tamaşaçılar narazılıqlarını ifadə etdilər.
Bu hadisədən sonra turnesi dayandırıldı və müalicəyə fokuslanması tövsiyə edildi. Ailəsi və yaxınları müğənninin vəziyyətindən narahat idilər.
Təəssüf ki, uzun illər davam edən asılılıq onun sağlamlığını xeyli zəiflətdi. 2011-ci il iyulun 23-də Emi Uaynhaus Londondakı evində, 27 yaşında ölü tapıldı. Rəsmi məlumata görə, ölümün səbəbi alkoqol zəhərlənməsi idi.