Müğənni Elçin Hüseynov ötən gün rəhbəri olduğu “Halikarnas By Niel” məkanında iftar süfrəsi təşkil edib. Bu tədbir, Ramazan ayının mənəvi ab-havasında, məkanın yeni adıyla fəaliyyətinin təqdimatı olub.
İftar süfrəsinə sənət aləminin tanınmış simaları, ictimaiyyət nümayəndələri və ziyalılar dəvət olunmuşdu. Tədbirdə şəhid anaları, şəhid xanımları, qazilər və internat məktəbinin uşaqları da iştirak ediblər. Qonaqlar üçün iftar süfrəsi açılıb, dualar oxunub.
Gecənin ən yaddaqalan anı isə xalq artisti Alim Qasımovun canlı azan səsləndirməsi olub. Bu, iştirakçılar tərəfindən böyük ehtiramla qarşılanıb.
Səmimi atmosferdə keçən gecədə sənət adamları ifalarını təqdim ediblər. Qonaqlar Ramazan ayı münasibətilə bir-birilərinə xoş arzularını çatdırıblar və Elçin Hüseynovu təbrik ediblər.
İftar süfrəsi səmimi ünsiyyət və xoş ovqat şəraitində davam edərək yadda qalan bir axşama çevrilib.