Uşaqlıq dövrü insan psixologiyasının formalaşmasında ən vacib mərhələlərdən biridir. Bu zaman yaşanan mənfi təcrübələr, emosional sarsıntılar gələcək münasibətlərə ciddi təsir göstərə bilər.
Bəs, uşaqlıq travmaları böyüklükdə münasibətlərə necə təsir edir?
Psixoloq Gülsər Qədirli bu barədə fikirlərini bölüşüb:
“Uşaqlıq travmaları emosional yaddaşda dərin izlər buraxır. Bu izlər böyüklükdə müxtəlif formalarda özünü göstərir. Uşaqlıqda davamlı tənqid olunan şəxs özünü dəyərsiz hiss edə bilər, bu da münasibətlərdə özünü sübut etməyə çalışmaq və ya qısqanclığa səbəb ola bilər.
Güvən problemi yaşayanlar yetkin yaşda insanlara etibar etməkdə çətinlik çəkirlər. Onlar tez incimək, tərk edilmək qorxusu yaşamaq kimi reaksiyalar göstərə bilərlər. Bu davranışlar şüurlu deyil, psixika özünü qorumağa çalışır.
İnsanlar bu davranışların kökündə uşaqlıq təcrübələrinin dayandığını fərq etmirlər. Bu reaksiyalar illərlə formalaşır və insan üçün normal davranış modelinə çevrilir. Münasibətlərdə eyni problemlərin təkrarlanması, güvənsizlik, tərk edilmək qorxusu buna işarə edə bilər.
Psixoloji maariflənmə bu əlaqəni görməyə kömək edir. Psixoloqla söhbətlər zamanı davranışların kökləri uşaqlıq təcrübələrinə bağlı olduğu üzə çıxır. Uşaqlıq travmaları gələcəyi dəyişməz etmir. Dəstək və öz üzərində işləmə ilə bu təsirləri anlamaq və sağlam münasibətlər qurmaq mümkündür”.