Gündəlik həyatda bir çox insan bəzən heç bir səbəb olmadan narahatlıq və gərginlik hiss etdiyini deyir. Xaricdən hər şey qaydasında olsa da, daxildə izahı çətin bir sıxıntı yaranır. Bəs bu narahatlığın kökündə nə dayanır?
Psixoloq G.Qədirli bu vəziyyəti belə izah edir:
“İnsanın səbəbsiz kimi görünən narahatlıq hiss etməsi, əslində beynin təhlükəni qabaqcadan hiss etmə mexanizmi ilə əlaqəlidir. Beyin, şüurlu olaraq fərqində olmasaq belə, gündəlik stress, yorğunluq, emosional yüklənmə və həll olunmamış problemləri təhlükə siqnalı kimi qəbul edir. Bu da bədəndə gərginlik, narahatlıq və həyəcan hissi yaradır.”
Psixoloqun fikrincə, uzunmüddətli stress, yuxu çatışmazlığı, iş və şəxsi həyatda yaşanan təzyiqlər, informasiya yükü də narahatlığa səbəb olur. Keçmişdə yaşanan emosional təcrübələr, həll olunmamış qorxular da bu hissləri yarada bilər.
Narahatlığı Azaltmaq Üçün Nələr Etməli?
Psixoloq, bu halların tez-tez təkrarlanmasının psixoloji vəziyyətə diqqət yetirmək üçün siqnal olduğunu vurğulayır. Stressi azaltmaq, istirahət etmək, fiziki aktivliklə məşğul olmaq və emosiyaları ifadə etmək narahatlığı azalda bilər. Əgər narahatlıq uzun müddət davam edərsə, mütləq psixoloqa müraciət etmək lazımdır.